×
A
A
A
Sazlamalar

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Bakı, 16 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda ilk tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin son qalibi İtaliya millisi Albaniya yığmasını sınağa çəkib.
Görüşdə hesabı albaniyalılar açıblar. 23-cü saniyədə Nedim Bayrami fərqlənib. İtaliya yığması cəmi 10 dəqiqə sonra tarazlığı bərpa edib. Alessandro Bastoni hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb. 16-cı dəqiqədə isə Nikola Barella uzaq məsafədən qüvvətli zərbə ilə İtaliya seçməsini önə keçirib. Bu, qarşılaşmada vurulmuş sonuncu qol olub. Beləliklə, son Avropa çempionu turnirə qələbə ilə başlayıb.
Qeyd edək ki, bu qrupun ilk matçında İspaniya millisi Xorvatiyanı 3 cavabsız qolla üstələyib.

İdman 2024-06-16 01:00:00