×
A
A
A
Sazlamalar

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şirvan, 15 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Ulu Öndər Heydər Əliyevin bütün arzuları, ən əsası, özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 200 illik tariximizin ən böyük qələbəsini qazanıb. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə 30 illik erməni işğalı başa çatıb, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Şirvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Şirvan şəhərinin inkişafına həsr olunan fotosərgiyə baxış keçirilib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin sosial-iqtisadi və siyasi inkişafında, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olub və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd edilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra Azərbaycanı böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar” filmi nümayiş olunub.
Daha sonra Milli Qurtuluş Günü münasibətilə bir qrup şəhid ailəsi üzvünə və müharibə iştirakçısına 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.
Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam edib.
Sonda Ümummilli Liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrə, onun siyasi fəaliyyətinə dair “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin kitabxanasına hədiyyə olunub.

Regionlar 2024-06-15 22:39:00