×
A
A
A
Sazlamalar

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Bakı, 15 iyun, AZƏRTAC
Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb. Onlar zərərçəkənlərə 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.
Müəyyən edilib ki, iyunun 8-13-də naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən teleqram sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212 min, 20 min, 4400, 4000, 500 dollar, eləcə də 21 min 530, 10 min, 5300, 7700 , 4570, 4000, 2000 manat olmaqla 10 vətəndaşa ümumilikdə 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurublar.
Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edilənləri nəzərə alaraq diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.

Cəmiyyət 2024-06-15 18:01:00

Video