×
A
A
A
Sazlamalar

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Bakı, 15 iyun, AZƏRTAC

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılıb, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılır. Respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.
“Vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.
Məlum olduğu kimi, Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının müvafiq norma və qaydalar çərçivəsində təşkili həyata keçiriləcək. Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, xüsusi ayrılmış yerlərdən kənarda heyvan tədarükü, kəsimi və satışına icazə verilməyəcək.
Bununla yanaşı, vətəndaşlar qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı ərazidə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd edilib.

Cəmiyyət 2024-06-15 15:06:00

Video