×
A
A
A
Sazlamalar

Renat Dadaşov: Niderland millisi Avropa çempionatında sürpriz edəcək

Bakı, 14 iyun, AZƏRTAC

“Mənim üçün sevindirici haldır ki, doğulub boya-başa çatdığım ölkədə Avropa çempionatı keçirilir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” klubunun futbolçusu Renat Dadaşov bu gün Almaniyada start götürəcək Avropa çempionatı barədə danışarkən deyib.
25 yaşlı hücumçu Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək açılış matçını stadiondan izləməyəcəyini bildirib: “Böyük ehtimalla oyuna evdə baxacağam. Çünki hazırda məşğulam və stadiona getmək imkanım yoxdur”.
Almaniya millisinə azarkeşlik edəcəyini deyən forvard turnirin favoriti qismində isə Fransanı gördüyünü vurğulayıb: “Açığı, bu komandanın oyunu daha çox xoşuma gəlir. Yəqin ki, bu, Fransa yığmasında çıxış edən futbolçularla bağlıdır”.
Türkiyə millisinin şanslarına da toxunan R.Dadaşov komandanın yaxşı heyətə malik olduğunu əlavə edib: “Bu mənada daha da irəli getmək üçün yaxşı şansları var. Mənə görə, Avropa çempionatında sürprizə Niderland yığması imza atacaq. Bu komandanın çox güclü heyəti var”.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-dək davam edəcək.

İdman 2024-06-14 19:01:00