Goranboy, Ağdam və Tərtər rayonlarında 1280 ailəyə bayram sovqatı çatdırılıb
Bakı, 14 iyun, AZƏRTAC
Qurban bayramı münasibətilə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsindən 1030 şəhid, qazi, əlil və aztəminatlı ailələrə, eləcə də Goranboy, Tərtər, Ucar, Yevlax və Bərdə rayonlarından olan 250 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Ağalar Vəliyev seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin sayəsində vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənələrə uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi cəmiyyətimizin əsas prioritetlərindəndir.
Xalqımız Qurban bayramını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və ondan sonrakı dövrdə qazanılan Şanlı Zəfərimizin sayəsində doğma Azərbaycanımızın suverenliyinin bütün ərazilərimizdə təmin olunmasının və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramı günlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur.
Vurğulanıb ki, dualaramızın və niyyətlərimizin Uca Tanrının dərgahında qəbul olunması cəmiyyətimizin xeyirxahlıq, şəfqət, mərhəmət ənənələrini və həmrəyliyini daha da möhkəmləndirəcək.
Qurban bayramı mərasimlərində Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir.
Qeyd edək ki, milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Goranboy rayonundan Vətən Müharibəsi Qəhrəmanının anası Nərgiz Həsənova, şəhid anası Zərqələm Kazımova, şəhid atası Əfqan Nəsibov, Tərtər rayonundan şəhid anası Güldanə Məmmədova və Ağdam rayonundan Birinci Qarabağ müharibəsi əlilinin övladı Sənani Bayramov Həcc ziyarətinə göndərilib.
Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq
Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq