Xocalıda yarımçıq qalan “Son zəng” çalınıb
Xocalı, 14 iyun, AZƏRTAC
Xocalı şəhər 2 nömrəli tam orta məktəbini 1992-ci ildə bitirməli olan şagirdlər yarımçıq qalan “Son zəng” tədbirini 32 il sonra doğma yurdlarında qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1992-ci ilin mayın 25-də keçirilməli olan “Son zəng”ə hazırlaşan şagirdlərin arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin şagirdlər gecikən “Son zəng”lərini qeyd etmək üçün Xocalı şəhərinə toplaşıblar.
Əvvəlcə Xocalıdakı Şəhidlər xiyabanı ziyarət olunub. Sonra Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxılıb.
Xocalı şəhərində keçirilən mərasimdə 32 il əvvəlki ağrılı-acılı günlər yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs ediblər.
Sonda “Son zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər çalınıb.
Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib
“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO
Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb