Azərbaycan ilə Serbiya arasında birgə hərbi əməkdaşlıq inkişaf edir VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, serbiyalı nümayəndələr əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib. B.Qaşiç protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra müdafiə naziri regiondakı vəziyyətə toxunaraq qeyd edib ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılıb.
General-polkovnik Z.Həsənov nazir B.Qaşiçi 2024-cü ilin sentyabrında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
B.Qaşiç isə öz növbəsində ölkəmizə rəsmi səfərindən məmnunluq ifadə edib. Serbiyanın müdafiə naziri Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib
Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib