Paris qalereyasında azərbaycanlı rəssamın əsərləri təqdim olunub
Bakı, 14 iyun, AZƏRTAC
Parisin mərkəzindəki “Francis Berlier” qalereyasında azərbaycanlı rəssam Mehriban Şəmsəddinskayanın iştirakı ilə sərgi açılıb. Sərgidə onun beş tablodan ibarət olan “Dörd gün və bir gecə” rəsmlər silsiləsi təqdim edilir.
AZƏRTAC xəbər verir ki, sərgi Toğrul Nərimanbəyov Assosiasiyasının dəstəyi ilə qalereya tərəfindən təşkil olunub. Onun kuratoru Madam Canidir.
Sərgidəki əsərlərin əsas mövzuları zaman, keçmiş və müasir dövr, emosional həyəcanlar, çətinliklərin aşılmasıdır. “Dörd gün və bir gecə” rəsmlər silsiləsinə daxil olan əsərlərin konsepsiyasının başlıca elementləri gecə ilə gündüz, keçmişlə müasir dövr arasında dəyişiklikləri əks etdirən keçid vəziyyətini ehtiva edir.
Mehriban Şəmsəddinskaya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, regional və beynəlxalq sərgilərin iştirakçısıdır.
Rəssam animasiya və video-artdan instalyasiya, təsviri sənətdən moda brendləri üçün qeyri-adi kollajlara qədər müxtəlif janrlarda incəsənət əsərləri yaradır. Mehriban Şəmsəddinskayanın yaradıcılığındakı real həyatın fəlsəfi kanonları onun fantaziyaları ilə ahəng təşkil edir.
Sərgi iyunun 18-dək davam edəcək.
Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi
Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb