×
A
A
A
Sazlamalar

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lerikdə fermerlərə aqroturizm üzrə təlim keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərin maarifləndirilməsi tədbirləri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, keçirilən tədbirlər çərçivəsində Lerik rayonunda aqroturizm üzrə fəaliyyət göstərmək istəyən fermerlərlə görüş təşkil olunub. “Aqroturizmin əsasları” adlı təlimdə Lerik rayonundan ümumilikdə 15 fermer iştirak edib. Təlimdə iştirakçılara aqroturizmin əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icrası, təhlil və strategiya metodları, biznes planın hazırlanması və digər mövzular üzrə məlumat verilib. Həmçinin görüşdə fermerlərlə aqroturizmdə qonaqpərvərlik, qidalanmanın təşkili, təmizlik işinin təşkili kimi mövzularda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, fermerlərin bu sahədə bilik və bacarıqlarının, eləcə də regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, şəhər sakinləri və xarici turistlər üçün isə fərqli turizm imkanlarının yaradılması istiqamətində həyata keçirilir.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 282 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

Regionlar 2024-06-14 17:20:00