33 ildən sonra Zabuxda son zəng sədaları çalınıb
Laçın, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Son zəng sədalarının eşidildiyi məktəblər sırasında bu gün Laçının Zabux kənd orta məktəbi də yer alıb. 33 ildən sonra kənd məktəbinin 3 şagirdi məzun adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.
Son zəng tədbirində məktəb kollektivi ilə bərabər Elm və Təhsil Nazirliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın təhsil sektorunun nümayəndələri, Zabux kənd sakinləri iştirak ediblər. Çıxış edənlər məktəb kollektivini təbrik ediblər.
Qeyd edilib ki, illər sonra Zabuxda belə əlamətdar bir günün qeyd edilməsi tarixi hadisədir. Diqqətə çatdırılıb ki, Zabux kənd məktəbində olduğu kimi Laçının digər təhsil ocaqları da öz şagirdlərinə qucaq açacaq. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib və milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Daha sonra son zəng səsləndirilib, məktəbin simvolik açarı digər sinif şagirdlərinə təhvil verilib.
Qeyd edək ki, Zabux kəndində sonuncu dəfə 1991-ci ildə son zəng günü qeyd edilib. Hazırda kənd məktəbində 60 şagird təhsil alır və onlardan 3 nəfəri məzundur.
Balakəndə Zəfər Gününə həsr edilən minifutbol turnirinin qalibləri müəyyənləşib
Gəncədə "Cerebry" layihəsi çərçivəsində təlimlərə start verilib