ASCO 8 min ton yükdaşıma qabiliyyətinə malik tanker sifariş verib
Bakı, 14 iyun, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tankerin və üç ədəd dalğıc gəmisinin tikintisinə dair sifariş yerləşdirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.
Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.
ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər ölkəmizdə neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.
Ekspert: Yaşıl enerji sahəsində Çin-Azərbaycan əməkdaşlığı yüksək potensiala malikdir - MÜSAHİBƏ
® “SİMA İmza” və “Yelo Bank”dan yenilik: Sahibkarlar banka getmədən kredit götürəcəklər