Milli Kitabxanada “Rəfiq Zəka Xəndan” adlı kitab sərgisi açılıb
Bakı, 13 iyun, AZƏRTAC
Tanınmış şair, yazıçı Azərbaycan poeziyasında və elmində öz dəst-xəti ilə seçilən Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndanın anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Rəfiq Zəka Xəndan” adlı geniş kitab sərgidə şairin əsərləri, tərtibçisi və redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Rəfiq Zəka Xəndan 1939-cu il iyunun 16-da Bakıda görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya göz açıb. 1962-ci ildə şairin M. Müşfiqə həsr olunan “Çağlayan” adlı ilk şeirlər kitabı işıq üzü görür. Yaradıcılıq diapazonu geniş olan şair “Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının, eyni zamanda, “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir.
Şair heca və əruz vəznlərində bir-birindən maraqlı əsərlər qələmə alıb. Əsərlərinin mövzu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. “Səadət”, “Vətən kimlərindir?”, “Meşədə”, “Altı gül”, “Baharın heykəli”, “Könlümün yadigarı”, ümumilikdə 30-dək kitabı işıq üzü görən müəllifin əsərləri müxtəlif dillərə tərcümə edilib.
Bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərən Rəfiq Zəka Xəndan “Məhəmməd Hadi”, “Cavid sənəti” və “Müşfiq incəlikləri” monoqrafiyalarını yazıb.
Rəfiq Zəka Xəndan həm də nəğməkar-şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələyib. Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır. Zəngin yaradıcılıq yolu keçən şair respublikanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı adlarına layiq görülüb.
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib
Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib