XRİTDX ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşı ilə birlikdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru və müəllim heyəti ilə görüş keçirib.
AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları universitetlə yaxından tanış edib, tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib.
XRİTDX-nin nümayəndələri universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti ilə tanış olublar.
Rektor E.Qasımov qeyd edib ki, bu cür dövlət-özəl qurumlar arasında qurulan əməkdaşlıq yeni istiqamətin təməlini qoyaraq, tələbələrin peşəkar inkişafına, onların gələcəkdə sahə üzrə qabaqcıl mütəxəssislərə çevrilməsinə fürsət yaradır. E.Qasımov BANM tərəfindən informasiya təhlükəsizliyi sahəsində görülən işlər, burada təqdim olunan müasir ixtisaslar və layihələr barədə də ətraflı məlumat verib.
XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, istənilən sahədə uğurlu işin əsasını insan resursları təşkil etdiyini bildirib. Eləcə də praktiki ustad dərsləri, burada yaradılacaq “İnformasiya təhlükəsizliyi testləri” laboratoriyasında və Xidmətin DATA mərkəzlərində istehsalat təcrübəsi keçməklə Bakı Ali Neft Məktəbinin tələbələrinin daha hazırlıqlı olacaqlarını vurğulayıb. İ.Musayev əməkdaşlığın yeni istiqamətinin faydalı olacağına, tərəfdaşlığa töhfə verəcəyinə əminliyini bildirib. Həmçinin Xidmətin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə SOCAR-ın Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev və BANM-in rektoru Elmar Qasımov imzalayıblar.
Memorandumda XRİTDX tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının və praktiki ustad dərslərin keçirilməsi, tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq edilməsi, birgə tədqiqatlar və təcrübə mübadiləsi, real layihələrdə iştirak və digər məsələlər nəzərdə tutulub.
Təhsil eksperti: COP29 xarici tələbələrin Azərbaycan universitetlərinə marağını artıracaq
Almaniyanın Şmalkalden Universitetinin tələbələri BANM-da olublar
ADPU-da “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib
Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr əldə edilib TƏDQİQAT
Bakı Ali Neft Məktəbinin tələbəsi Qlobal İnnovasiyalar Forumunda iştirak edib