×
A
A
A
Sazlamalar

Naxçıvanda yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin əsas fəaliyyət istiqamətləri açıqlanıb

Naxçıvan, 13 iyun, Nail Əsgərov, AZƏRTAC

Ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ölkə rəhbərinin meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi önəm verməsinin nəticəsidir. Bununla dövlətin vahid su siyasətinin həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində agentlik qarşısında tələb qoyulub. Agentliyin əsas prioritet istiqamətləri və hədəfləri əhalinin dünya səhiyyə normalarına uyğun içməli su tələbatını ödəmək və kənd təsərrüfatı təyinatlı torpaqları suvarma suyu ilə təmin etməkdir. Bu sahədə artıq layihələndirmə işləri həyata keçirilir. Hazırda işlərin icrası üçün agentlik struktur dəyişiklikləri aparır, öz fəaliyyətini yenidən formalaşdırır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı, sədr müavini Malik Rzayev söyləyib.
O bildirib ki, yaradılan yeni agentliyin məqsədləri, fəaliyyət istiqamətləri sırasında inkişaf etmiş dünya dövlətlərində istifadə olunan müasir metodları tətbiq etmək də var. Bununla bağlı tədbirlər planında bir neçə layihə nəzərdə tutulub. Bu işlərə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün qapalı drenaj sistemlərinin qurulması, hidrotexniki qurğuların işlərinin optimallaşdırılması üçün GİS sisteminin yaradılması və müasir hidropostların quraşdırılması aiddir.

Regionlar 2024-06-13 10:50:00