“Fənn Münasibətləri – Yeni Biliklər İstehsalı“ kitabının təqdimat mərasimi keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
BP şirkətinin dəstəyi ilə nəşr olunmuş, Vyana Professorlar Cəmiyyətinin üzvü, Vyana Universitetinin doktoru Manuela Harqasner-Delpos, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, fəlsəfə doktoru İlqar Orucov və AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Ruslan Rəhimlinin birgə müəllifliyi ilə hazırlanmış “Fənn Münasibətləri – Yeni Biliklər İstehsalı“ kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı açaraq BP-nin fəaliyyətindən elmə və təhsilə göstərdiyi diqqətdən, sosial layihələrə sponsorluğundan danışıb.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək sosial və humanitar tədbirlərdən danışıb. Qeyd olunub ki, şirkət Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı ali məktəblərlə yaxından əməkdaşlıq edir, kitabların dərc olunmasında, rayonlardakı ümumtəhsil məktəblərinin yeni texnologiyaların tətbiqi ilə istilik sistemlərinin qurulmasında və digər layihələrin həyata keçməsində iştirak edir.
“Bu kitabı nəşr etməklə çətin yerli və qlobal problemlərin həlli, eləcə də mürəkkəb mövzuların başa düşülməsi və irəli aparılması üçün intellektual resursların və biliklərin sərhədləri silərək bir araya gətirilməsinin qaçılmazlığını vurğulamış oluruq. Bu cür yanaşma müxtəlif fənləri və təcrübəni bir araya gətirməyə və inteqrasiya olunmuş yeni biliklər yaratmağa imkan verir. Ümid edirik ki, bu, öz növbəsində ümumi təhsil potensialını artırmağa və dəyişən dünyanın problemlərini həll etməyə qadir yüksək keyfiyyətli mütəxəssislər və səriştəli işçi qüvvəsi ilə bazarı təmin etməyə şərait yaradacaq”, - B.Aslanbəyli bildirib.
Kitabın müəllifləri çıxış edərək qeyd ediblər ki, bu gün BP şirkəti yerli ali təhsil müəssisələrində fənlərarası münasibətlərin və ya fənlərarası inteqrativ tədrisin tətbiqinə yönəlmiş və bu yaxınlarda tamamlanmış bir təhsil layihəsini təqdim edir. Layihənin əsas məqsədi “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı kitabın hazırlanması və nəşridir. Bu kitab Azərbaycanda fəaliyyət göstərən 40-dan çox ali təhsil müəssisəsinin rəhbər işçiləri, müəllim və professorları, doktorantları və magistrantları üçün nəzərdə tutulub. Kitabda qlobal problemlərdən irəli gələn mürəkkəbliyin bütün aspektlərini tam dərk etməyə imkan verəcək yeni fənlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Yeni fənlərarası əlaqələr yeni metodologiya əsasında fənlərarası biliklər yaratmaqla formalaşır.
Kitabda yeni biliklərin yaradılması ilə əlaqədar metodoloji çağırışlardan da bəhs edilir, həmçinin yeni biliklərin təhsil strategiyası və siyasətinə, beynəlxalq iqtisadi rəqabətə, əməkdaşlığa və qloballaşmaya təsiri təsvir edilir, eləcə də biliklərin dəyişən mahiyyəti, müxtəlif elm, araşdırma və inkişaf sahələrinin sosial baxımdan tədqiqi, habelə sosial, iqtisadi və texnoloji inkişaf arasındakı qarşılıqlı əlaqə izah edilir.
Kitabın müəlliflərindən olan Manuela Harqasner-Delpos isə video-konfrans vasitəsilə çıxış edərək kitabın məziyyətlərindən danışıb.
Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib
ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır
DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək
Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub