Makronun uğursuz gedişləri, Fransanın siyasi cəhətdən iflası - Ekspertlər danışır
Bakı, 12 iyun, Elmir Səftərov, AZƏRTAC
Sələflərinin yolunu davam etdirən Fransa Prezidenti Emmanuel Makronun bu gün yürütdüyü siyasət nəticəsində rəsmi Parisin neomüstəmləkəçi addımları Sakit okeandakı adalarda yerli xalqların assimilyasiyasına, onların hüquqlarının məhdudlaşdırılmasına əsaslanır. Eyni zamanda, ölkədə insan hüquqlarının kobud şəkildə pozulması, iğtişaşlar zamanı aksiyaçıların öldürülməsi, islamofobiya və müsəlmanlara qarşı artan nifrət, hücumlar, həmçinin antisemitizmin geniş yayılması, yanacağın qiymətinin, vergilərin artması Fransanın hazırkı hakimiyyətinə etimadı azaldır və geniş etirazlara zəmin yaradır. Bu cür yarıtmaz siyasətin nəticəsidir ki, Fransa Prezidenti Emmanuel Makronun partiyası Avropa Parlamentinə seçkilərin nəticələrinə görə biabırçı şəkildə məğlub oldu. “İntibah” partiyasının böyük fərqlə məğlubiyyəti Emmanuel Makronun səmərəsiz fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir.
Mövzu barədə fikirlərini AZƏRTAC-la bölüşən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki, Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra həm ölkə daxilində, həm də xaricdə Fransanın siyasətində çöküş başlayıb. “Sarı jiletlilər”in üsyanı, Fransada ağır vergi şərtlərinin insanların narazılığını artırması, dini-irqi ayrı-seçkiliyin genişlənməsi E.Makron administrasiyasının ən böyük yanlışlarındandır. Bundan əlavə, xüsusilə də Fransanın Afrikadakı xalqlara qarşı barışmaz münasibəti, dənizaşırı müstəmləkələrinə qarşı amansız davranışı nəticəsində nəzərəçarpacaq şəkildə mövqe itirməsinə səbəb oldu. Yəni, bu cür proseslər Afrikada başlayıb Asiya-Sakit okean bölgəsinə və digər ərazilərə də yayıldı.
Fransa prezidentləri Fransua Mitteran və Emmanuel Makron arasındakı fərqə nəzər salsaq görərik ki, ikincinin siyasi hakimiyyəti illərində Paris imicini tamamilə itirməyə başladı.
Son iki il ərzində Fransa siyasətinə qarşı başlayan etirazlar səbəbindən Paris Afrikanın bəzi ölkələrindən çıxmaq məcburiyyətində qaldı və bu proses hazırda da davam edir. Görünən odur ki, Fransa Afrikadakı müstəmləkələrini sürətli şəkildə itirir. Bununla paralel olaraq Yeni Kaledoniyada, Korsikada və digər yerlərdə mərkəzi hökumətə qarşı etiraz aksiyaları şiddətlənir. Yeni Kaledoniyaya köçürülmüş fransızlar hesabına oradakı demoqrafik vəziyyət süni şəkildə dəyişdirilir və Paris bundan da öz xeyrinə faydalanmaq niyyətindədir. Bu da yerli xalqların öz hüquqlarından istifadəsinə əngəllər törədir.
“Fransanın xarici diplomatiyasındakı digər yanlışlıqlar isə erməni lobbisinin təsiri altında anti-Azərbaycan siyasətinin həyata keçirilməsidir. E. Makron nüfuzlu erməni lobbisinin böyük maliyyə dəstəyi ilə hakimiyyətini möhkəmləndirir. Bu baxımdan Fransa Prezidentinin Azərbaycana qarşı qarayaxma kampaniyasına rəhbərlik etməsi, Ermənistana açıq şəkildə dəstəkləməsi onun şəxsi maraqlarına və ambisiyalarına xidmət edir.
Azərbaycanın haqlı Qarabağ mübarizəsində ölkəmizi günahlandırmaq, həmçinin Ermənistanı silahlandıraraq yeni müharibəyə təhrik etmək və regionda sabitliyi pozmaq cəhdləri əsasən 2020-ci ildən sonra geniş vüsət alıb. Bu, E.Makron hakimiyyətinin daxili və xarici siyasətinin ən böyük çatışmazlıqlarından biridir. Zaman gələcək bu cür siyasət xətti Fransanın dünya birliyindən təcrid olunmasının əsasını təşkil edəcək”, - deyə o bildirib.
Politoloq İlyas Hüseynov hesab edir ki, Fransa tarixində Emmanuel Makron qədər ölkə maraqlarını və mənafelərini tapdalayan, uğursuz xarici siyasət yürüdən siyasi lider olmayıb. Fransa Prezidenti şübhəsiz ki, bir çox ekspertlərin də fikrincə, ölkə tarixində ən uğursuz, bacarıqsız və səriştəsiz rəhbərlərdən biridir. Ölkə daxilində genişlənən etirazlar, ictimai rəydə yaranan narazılıqlar xarici siyasətə də təsir edir. Fransa nə qədər güclü dövlət olsa da, E.Makron qeyri-xarizmatik lider olduğuna görə xarici diplomatiyada hazırda onunla hesablaşmır, mövqeyini nəzərə almırlar. Halbuki Fransa Avropa İttifaqının (Aİ) aparıcı dövləti, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, nüvə silahına malik ölkədir. Bütün bunlara rəğmən, Fransada bəzi şəxslər marginal maraqlarını təmin etmək üçün addımlar atır, bu da əks-effekt verir. Bu ölkədə həmkarlar ittifaqlarının nümayişləri, fermerlərin etirazları geniş vüsət alıb. Bu etirazların nəticəsi isə özünü Avropa Parlamentinə seçkilərdə göstərdi və Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına da təsir edəcək.
“Avropa Parlamentinə keçirilən seçkilərin nəticəsi olaraq E.Makron məğlubiyyətdən qaçmaq üçün parlamentin aşağı palatasını - Milli Assambleyanı buraxdı və növbədənkənar seçkilər təyin etdi. Avropa Parlamentinə seçkilərin nəticələri ultrasağçıların mövqelərini getdikcə gücləndirir ki, bu da E.Makronun hakimiyyəti üçün böyük təhdid deməkdir. Son seçkilərin hamısında əsas mübarizə E.Makron ilə Marin Lö Pen arasında gedib. Şübhəsiz ki, ideoloji siyasi cərəyanlar arasında olan mübarizə bundan sonra da davam edəcək”, - deyə politoloq vurğulayıb.
İ. Hüseynov əlavə edib ki, Fransanın uzun illər ərzində dənizaşırı ərazilərdə həyata keçirdiyi müstəmləkəçilik siyasəti insan haqlarını boğmağa, təbii sərvətləri və mineral resursları istismar etməyə yönəlmişdi. Bu da haqlı olaraq yerli əhalinin narazılığına səbəb olur. Bu səbəbdən də onlar öz azadlıqlarını, müstəqilliklərini tələb etməyə başlayırlar. Fransa hakimiyyəti isə bütün bunları ört-basdır etməyə çalışır ki, bu da onun iç üzünü, xislətini nümayiş etdirir. Hazırda Parisin müasir beynəlxalq münasibətlər sistemindəki mövqeyi heç də ürəkaçan deyil. Bütün bunların səbəbkarı isə Emmanuel Makronun yürütdüyü uğursuz siyasətdir.
“Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov isə söyləyib ki, Fransa tarixində ilk dəfə olaraq hakimiyyəti təmsil edən siyasi partiya 15 faizdən aşağı səslə məğlub oldu. Emmanuel Makronun partiyasının bu nəticəsi olduqca aşağı göstərici hesab edilir. Hakimiyyətə gələn kimi bir sıra çətinliklərlə üzləşən, müxtəlif sosial qrupların tələblərini qulaqardına vuran siyasi sistemin Fransa cəmiyyətində legitimlik dərəcəsi kifayət qədər aşağı düşüb. Biz buraya Emmanuel Makronun xarici siyasətindəki ardıcıl uğursuzluqlarını da əlavə edə bilərik. Fransa hakimiyyəti vaxtında bu çağırışlara cavab versəydi, o zaman biz tamamilə fərqli mənzərəni görə bilərdik. Nəticə etibarilə isə E.Makron əsas və əzəli rəqibi olan Marin Lö Penə bir neçə dəfə uduzub. Bu, Emmanuel Makronun acı məğlubiyyətinin ilk təzahürləridir.
“Avropa Parlamentinə keçirilən seçkilər mərkəzi sağçı, sağçı və ifrat sağçı qüvvələrin ciddi şəkildə irəliləyiş əldə etməsi ilə nəticələndi. Bu, əlbəttə ki, son zamanlar Avropada siyasətçilərin Rusiya-Ukrayna müharibəsi fonunda ölkə daxilindəki iqtisadi və digər çağırışları həll edə bilməməsi ilə əlaqədardır. Həmçinin insanların təfəkküründə ideoloji baxış bucağı və istiqamətlənmə ilə bağlı bir sıra dəyişikliklər də mövcuddur. Təsadüfi deyil ki, İtaliyanın Baş naziri Ciorcia Meloni bir neçə gün əvvəl Avropa Parlamentinə keçirilən seçkilərdə ciddi fərqlə qələbə qazandı. Amma mərkəzçi, mərkəzçi liberal və yaxud sosialist qüvvələr Belçikada, Almaniyada, Fransada və digər ölkələrdə məğlub oldular. Bu, hakimiyyətlər üçün ciddi xəbərdarlıq siqnalıdır. Yəni, onlar qarşılaşdıqları problemləri həll etməlidirlər, əks təqdirdə, etirazlar daha da genişlənəcək”, - deyə Z. Məmmədov diqqətə çatdırıb.
ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb
Azərbaycan və Niderlandın xarici işlər nazirləri arasında telefon danışığı olub
ABŞ mətbuatı: Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq
Azərbaycan-Bəhreyn əməkdaşlığının perspektivləri müzakirə olunub