×
A
A
A
Sazlamalar

Makronun partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasının əsas səbəbi onun reytinqinin aşağı olması ilə bağlıdır - RƏY

Bakı, 11 iyun, AZƏRTAC
İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasını ciddi təhlükə altında qoydu. Seçkilərin nəticələrinə görə, Fransa seçiciləri Avropa Parlamentində Makronun partiyasının yerinə ifrat sağçıları görmək istədilər. Nəticələr məlum olduqdan dərhal sonra Makron xalqa müraciətində Fransa parlamentinin aşağı palatasının – Milli Assambleyanın buraxdığını və yeni seçkilərin təyin edildiyini bildirdi. Seçkinin nəticələri ilə bağlı müxtəlif fərziyyələr səsləndirilir. Bəzi ekspertlər Fransada ifrat sağçıların qələbəsini Avropanın bir çox ölkələrində baş verən tendensiyalarla əlaqələndirirlər. Hesab olunur ki, avropalıların həyat səviyyəsinin aşağı düşməsi, immiqrantların Qərbə axını, Ukraynadakı müharibə və sadə vətəndaşlara da toxuna biləcək qlobal müharibə qorxusu Kiyevi dəstəkləyən hakim qüvvələrə qarşı mənfi rəy yaradıb. Sağçılar bu vəziyyətdən məharətlə istifadə edərək yüksək səs toplamağa müvəffəq olublar. Lakin Fransadakı vəziyyət bir qədər fərqlidir. Emmanuel Makron Fransa tarixinin ən zəif prezidentlərindən biridir. Hakim partiyanın (“Renaissance”) Avropa Parlamentinə seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən biri Emmanuel Makronun ölkədaxili və ölkəxarici reytinqinin aşağı olması ilə bağlıdır. Makronun daxili siyasətdə həyata keçirdiyi pensiya, miqrasiya və sığınacaq hüququ ilə bağlı uğursuz islahatlar kütləvi iğtişaşlara səbəb olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov söyləyib.
Politoloq qeyd edib ki, Makronun xaricdə nüfuzunun aşağı düşməsi isə bir sıra amillərlə bağlıdır. Bunlar “demokratik” Fransanın qeyri-ardıcıl xarici siyasəti, Makronun bir tərəfdən özünü “əzilmiş” xalqların müdafiəçisi kimi göstərmək cəhdləri, bununla yanaşı, Fransanın müstəmləkələrində yerli əhaliyə qarşı tarixən və hazırda həyata keçirilən arzuolunmaz siyasətdir. Eyni zamanda, Makron Fransa tarixində ictimaiyyətlə görüşlərdə ən çox hücum və təhdidlərə məruz qalan prezidentdir.
V.Əlibəyov bildirib ki, Emmanuel Makronun siyasi müstəvidə yüksəlişi onun nə güclü siyasətçi olması, nə də hansısa başqa qeyri-adi istedadı ilə bağlı olub. Əksinə, Makron 2014-cü ildə Fransua Ollandın komandasında nazir vəzifəsində çalışarkən həyata keçirdiyi qeyri-adekvat islahatlara görə ən çox tənqid edilən fiqurlardan biri idi. Buna baxmayaraq, Makron bacarıqlı manipulyator kimi bütün fürsətlərdən istifadə edərək öz siyasi karyerasını qurmağa müvəffəq oldu. 2016-cı ildə Makron ənənəvi partiyaların böhran yaşadığını, Avropada inteqrasiya meyillərinin gücləndiyini görərək mərkəzçi və avropapərəst “İrəli” siyasi hərəkatını yaratmışdı. Makron siyasi konyunkturanı izləyərək özünü cəmiyyətin arzuladığı “lider” kimi göstərməyi bacardı. Siyasi fəndlərdən yararlanaraq seçkilərdə qalib gələn Makron hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi islahatlarla seçicilərin gözləntilərini daim yerlə-yeksan etdi. Avropa Parlamentinə seçkilərdən sonra növbədənkənar seçkilərin təyin olunmasının əsas səbəblərindən biri Makronun öz siyasi karyerasını xilas etmək niyyətindən irəli gəlir.
Politoloq qeyd edib ki, Emmanuel Makron özünün və partiyasının reytinqinin daxildə həddən artıq aşağı olduğunu çox gözəl başa düşdüyündən Milli Assambleyanı buraxmaqla partiyasını qurban verərək, özünü əsl demokrat kimi göstərmək və müəyyən dividendlər qazanmaq niyyətindədir.
Onun sözlərinə görə, Makronun bundan sonrakı mərhələdə öz partiyasını yarı yolda qoyaraq yeni siyasi birlik yaradıb mübarizə aparacağını da istisna etmək olmaz.
"Makronun öz şəxsi maraqlarını Fransanın və fransızların maraqlarından üstün tutduğunu ölkənin bəzi siyasətçiləri və dövlət xadimləri də səsləndirirlər. Bəziləri Makronun Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanı buraxmaq və yeni seçkilər təyin etmək barədə şok qərarını onun özünün və Fransanın siyasi gələcəyi ilə bağlı zər atmağa bənzədiblər. Makronun bu qərarından sonra avro dərhal ucuzlaşıb, bu da Fransa səhmlərinə və dövlət istiqrazlarına mənfi təsir göstərib.
Mühafizəkar Respublikaçılar Partiyasının yüksəkrütbəli xadimi Valeri Pekres isə Makronun qərarını “ölkənin taleyi ilə rus ruleti oynamaq” kimi qiymətləndirib”, - deyə V. Əlibəyov diqqətə çatdırıb.

Siyasət 2024-06-11 16:23:00