Şəkidə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib
Şəki, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Elm və Təhsil, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində iyunun 11-dən Şəki Dövlət Dram Teatrında məktəblilər üçün Xaqani Əliyevin “Çələbi xan” tarixi dram əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, tamaşanın gün ərzində 2 seans olmaqla, iyunun 11-i və 12-də nümayiş etdirilməsi nəzərdə tutulur. Ümumilikdə, iki gün ərzində tamaşanı Şəki rayonunun ümumi təhsil müəssisələrində təhsil alan 14-17 yaşlı 1200 şagird izləmək imkanı əldə edəcək.
Tamaşada Şəki xanlığını yaradan Hacı Çələbi xanın həyatından, Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda mübarizəsindən və Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən bəhs edilir.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclər arasında estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb
Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO