×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Baş prokuroru Renson Mulele İnqonqa ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Baş prokuror və onu müşayiət edən prokurorluq heyəti əvvəlcə səfirliyin inzibati binasında yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Səfir Sultan Hacıyev tanışlıq zamanı qonaqlara Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası barədə danışıb. Azərbaycanın dövlətçilik tarixi, müstəqillik dövründə qazandığı nailiyyətlər, 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması haqqında məlumat verib. Qeyd edib ki, ölkəmiz postmünaqişə dövründə ərazilərdə bərpa, yenidənqurma və minatəmizləmə üzrə genişmiqyaslı işlər aparmaqdadır.
Görüşdə Renson Mulele İnqonqa Azərbaycana işgüzar səfərini məmnunluqla xatırlayıb, bu səfərin ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələrinə töhfə olduğunu bildirib. Transmilli cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, rəqəmsal idarəetmə, həmçinin prokurorların peşə hazırlığı və ixtisasartırma üzrə təcrübə mübadiləsinin aparılması sahələrində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd edib.
S. Hacıyev diqqətə çatdırıb ki, cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd olunur. Bir çox istiqamətlər, o cümlədən prokurorluq sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı məmnunluq doğurur. Azərbaycan bu il COP29-a, 2026-cı ildə isə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi edəcək. O, COP29 çərçivəsində Azərbaycan ilə Keniya arasındakı əməkdaşlığın qlobal iqlim dəyişikliyi ilə mübarizədə vacib əhəmiyyətini vurğulayıb.
Renson Mulele İnqonqa azərbaycanlı həmkarı Kamran Əliyevin ölkəsinə səfərini məmnuniyyətlə gözlədiyini qeyd edib. Bu səfərin prokurorluq orqanları arasında əməkdaşlıq üçün növbəti mərhələ olacağından inamını ifadə edib.

Siyasət 2024-06-11 10:59:00