×
A
A
A
Sazlamalar

Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsü irəli sürülüb

Brüssel, 30 may, AZƏRTAC

Azərbaycanın Belçikadakı səfirliyində “Azərbaycanda yeni biznes üfüqlərinin kəşf edilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması, habelə potensial əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyıb. Tədbir səfirliyin və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə reallaşıb.
Səfir Vaqif Sadıqov açılış nitqində Azərbaycan-Belçika əlaqələrinin tarixi və hazırkı vəziyyəti haqqında məlumat verib. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev isə qeyri-neft sektorunda ölkəmizin investisiya imkanları haqqında təqdimatla çıxış edib. Təqdimatda ölkəmizin yol infrastrukturunun inkişafı, işğaldan azad olunmuş ərazilərdə görülən işlər və investisiya imkanları, həmçinin beynəlxalq daşımalarda Azərbaycanın rolu barədə ətraflı məlumat verilib. Əlavə olaraq xarici şirkətlər üçün Azərbaycan dövləti tərəfindən xüsusi güzəşt və dəstək paketinin təqdim edilməsi bildirilib. İcraçı direktor tədbir iştirakçılarının suallarını cavablandırıb və lazımi izahatlar verib.
Sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra Belçika şirkətlərinin nümayəndələri öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Faydalı və məzmunlu müzakirələri nəzərə alaraq tədbirdə iştirak edən Belçika şirkətlərinin nümayəndələri Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsünü irəli sürüblər.
Tədbirdə 100-ə yaxın Belçika və Lüksemburq şirkətlərinin təmsilçiləri, media nümayəndələri, AZPROMO-nun və səfirliyin əməkdaşları iştirak ediblər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

İqtisadiyyat 2024-05-30 20:20:00