×
A
A
A
Sazlamalar

“Havelsan” radarları: Türkiyənin təhlükələrin qarşısının alınmasında uğurlu təcrübəsi

İzmir, 29 may, AZƏRTAC

“Havelsan Teknoloji Radar” şirkətinin istehsalı olan erkən xəbərdarlıq radarları və infraqırmızı müşahidə kameraları Türkiyə ordusu tərəfindən İraq və Suriya sərhədində təhlükəsizliyin təmin edilməsində uğurla istifadə olunur. Bu cür sistemlər həm də Azərbaycan-Ermənistan sərhədinin maksimum təhlükəsizliyinin təmin edilməsinə kömək edərdi.
Bu fikirləri Türkiyənin Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İzmir vilayətində EFES-2024 təlim proqramı çərçivəsində keçirilən müdafiə sərgisi çərçivəsində “Havelsan Teknoloji Radar” müdafiə sənayesi şirkətinin Araşdırma və İnkişaf Departamentinin (Ar-Ge) nümayəndəsi Murat Gökdemir AZƏRTAC -a müsahibəsində deyib.
Onun sözlərinə görə, infraqırmızı qurğular gecə-gündüz işləyir və adi və ya termal görüntü kameralarının, xüsusən də qatı duman və ya qarda görünməyən təhlükələri aşkar edə bilir.
“Bundan başqa, yay aylarında torpaq və qayalar isinir və termal kameralar çox vaxt obyektin yaxınlaşmasını müəyyən etmir. Terrorçular və ya düşmən hərbi qüvvələri peşəkarcasına hərəkət edərsə və istilik əmələ gəlməsini minimuma endirən xüsusi kamuflyaj geyinərsə, termal kameralar tamamilə yararsız hala düşür. İnfraqırmızı sistemlər sayəsində bütün bunların qarşısını almaq olar”, - deyə şirkətin əməkdaşı əlavə edib.
Gökdemir “Havelsan Teknoloji Radar”ın inkişaf etdirdiyi portativ erkən xəbərdarlıq radarlarının 360 dərəcə görünüşə və 100 kiloqrama qədər çəkiyə malik olduğunu bildirib.
“Bütün digər müşahidə sistemləri sıradan çıxsa belə, radarlar uğurla işləməyə davam edir. İnfraqırmızı kameralar 3 kilometrədək məsafədə hər hansı bir hərəkəti və ya insanların olmasını müəyyən edir”, - deyə müdafiə sənayesi şirkətinin nümayəndəsi bildirib.
O qeyd edib ki, “Havelsan Teknoloji Radar”ın məhsullarından Türkiyə hərbçiləri tərəfindən antiterror əməliyyatları zonalarında fəal şəkildə istifadə olunur: “Yaxınlıqdakı təpədə kameralı radarlar yerləşdirilib ki, bu da ərazinin hərtərəfli görünməsinə şərait yaradır. Məhsullarımız hətta pis hava şəraitində belə terrorçuların aşkar edilmədən əraziyə yaxınlaşmasını qeyri-mümkün edir”.


Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir

Dünya 2024-05-29 11:12:00