×
A
A
A
Sazlamalar

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakı, 28 may, AZƏRTAC

Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənc gimnastlardan ibarət Azərbaycan millisinin üzvləri Şəms Ağahüseynova və Gövhər İbrahimova Avropa çempionatında komanda hesabında üçüncü yeri tutmaları barədə danışarkən deyiblər.
Şəms Ağahüseynova yarışın möhtəşəm atmosferdə keçdiyini söyləyib: "Avropa çempionatında ölkəmi təmsil etmək əla hissdir. Bu, mənim ilk böyük yarışım idi. Komanda yoldaşlarım da yaxşı çıxış etdilər. Düşünürəm ki, onlarla birlikdə ortaya müsbət nəticə qoya bildik”.
Gövhər İbrahimova əvvəllər də böyük yarışlarda iştirak etdiyini qeyd edib: “Yarış çox gözəl keçdi, bizə dəstək olan hər kəsə, eləcə də Gənclər və İdman Nazirliyinə, Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə və xoreoqraflarımıza təşəkkür edirik".
Azərbaycanın gənc fərdi gimnastları Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar. Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa İlahə Bahadirova (top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla 8-ci sırada yer tutublar.

İdman 2024-05-28 00:53:00