×
A
A
A
Sazlamalar

QDF “Bakı Sürət Festivalı”nda “Qarabağ üçün Qalib ol!” sloqanı ilə iştirak edib

Bakı, 27 may, AZƏRTAC

Mayın 25-də Bakıda bütün avtomobil sevərlər üçün keçirilən Bakı Sürət Festivalının (Baku Festival of Speed 2024) əsas iştirakçıları arasında Qarabağ Dirçəliş Fondu da olub.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi ölkədə avtomobil idmanını və mədəniyyətini populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobilləri iştirak edib. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.
İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub. Festivalda iştirak edən 12 avtomobildən biri Qarabağ Dirçəliş Fondunun korporativ dizaynında tərtib edilməklə Fondun adından yarışda iştirak edib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə çıxış edən Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, festival çərçivəsində avtomobil sərgisi də təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.
Bundan başqa, ən yaxşı pilotların ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu da festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Cəmiyyət 2024-05-27 13:08:00