×
A
A
A
Sazlamalar

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Tbilisi, 26 may, AZƏRTAC

Gürcüstan ərazisində yağan leysan yağışları ölkə ərazisində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, gecə boyu yağan güclü yağış nəticəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani rayonlarında, eləcə də paytaxt Tbilisidə, Rustavi şəhərində, ölkənin Qərb bölgəsində xüsusilə ciddi problemlər yaşanıb.
Xram və Debet çaylarının məcrasından çıxması nəticəsində Marneuli bazarı, vətəndaşlara məxsus təsərrüfat sahələri sel suları altında qalıb, evlərin, sosial obyektlərin birinci mərtəbələri su ilə dolub. Bolnisidə magistral yoldakı körpünün bir hissəsi çöküb.
Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində yerləşən hərbi kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb. Hazırda hərbi-kazarma ərazisində helikopterlə təxliyə işləri aparılır.
Qərb bölgəsində də çaylar məcrasından, avtomobil yolları, elektrik və qaz xətləri sıradan çıxıb.
Güclü yağışlar nəticəsində dəmir yolu infrastrukturuna da ciddi ziyan dəyib, bəzi qatar reysləri təxirə salınıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-26 16:15:00