×
A
A
A
Sazlamalar

Penitensiar xidmətin Tərbiyə müəssisəsində “Yetkinlik yaşına çatmayanları cəmiyyətə qayıdışa hazırlama” adlı tədbir keçirilib

Bakı, 25 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı çərçivəsində “Yetkinlik yaşına çatmayanları cəmiyyətə qayıdışa hazırlama” adlı tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qanunla münaqişədə olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onların arasında olan təkrar cinayətlərin qarşısının alınması məqsədilə təşkil edilən görüş Penitensiar xidmətin Tərbiyə müəssisəsində təşkil edilib.
Çıxışlarda qeyd edilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi məsələləri daim dövlətin diqqət mərkəzindədir və prioritet istiqamətlərdəndir. Bu sahədə qanunvericilik bazasının mövcudluğu, qanun və normativ-hüquqi aktların mütəmadi olaraq təkmilləşdirilməsi onlar üçün cəmiyyətdə lazımi həyat səviyyəsinin formalaşdırılmasına zəmin yaradıb.
Tədbirdə mövzu ilə bağlı təqdimatlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri Tərbiyə müəssisəsinin 20 sakini ilə anket sorğusu əsasında qiymətləndirmə aparıb. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, məhkumluq müddəti bitəndən sonra onlar müvafiq sosial-psixoloji yardım xidmətinə cəlb olunacaqlar.

Cəmiyyət 2024-05-25 18:27:00