×
A
A
A
Sazlamalar

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb ŞƏRH

Bakı, 25 may, AZƏRTAC
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi Azərbaycan Ordusunun və dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlar qazandığını sübut edir. Bu uğurlara zəmin yaradan proses isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərlə başladı, ardınca antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə təkan verdi. Hərbi sahədə əldə olunan uğurlar bu gün diplomatik müstəvidə də qazandığımız uğurları şərtləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli söyləyib.
O bildirib ki, hərbi cəhətdən güclü olan hər bir ölkə öz hüquqlarını təmin edərək torpaqlarını işğaldan azad edə bilmir. Hətta 30 illik münaqişənin ardından bu gün Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb. Tarixə nəzər salsaq görərik ki, İrəvan heç BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmirdi, amma Azərbaycan Ordusunun qüdrəti və dövlət diplomatiyasının uğurlu xarici siyasəti nəticəsində regionda yeni reallıq yaranıb. Vəziyyət o yerə çatıb ki, beynəlxalq hüquqa əməl etməyən bir ölkə bu gün Azərbaycanın şərtlərini yerinə yetirir. Çünki Ermənistan başqa yolunun olmadığını, artıq havadarlarının da vəziyyəti dəyişə bilməyəcəyini çox gözəl anladı.
“Əgər Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməsə idi, Silahlı Qüvvələrimiz əvvəlki kimi əməliyyatlar həyata keçirmək məcburiyyətində qalacaqdı. Bu səbəbdən də Nikol Paşinyan hakimiyyətinin başqa yolu qalmamışdı və baş nazir də bu barədə Ermənistan cəmiyyətini xəbərdar etmişdi”, - deyə E.Həsənli vurğulayıb.

Siyasət 2024-05-25 16:53:00