×
A
A
A
Sazlamalar

Ukraynada yaşayan soydaşımız: Azərbaycan mümkünsüzləri reallaşdırmağı sevir - MÜSAHİBƏ

Kiyev, 25 may, AZƏRTAC
Ukraynanın yanacaq və energetika nazirinin sabiq müavini, həmin ölkədə tanınan ictimai xadim, soydaşımız Burzu Əliyev əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. 40 ildən artıqdır Ukraynada yaşamasına baxmayaraq həmişə ürəyi Azərbaycanla döyünüb. O, AZƏRTAC-a müsahibəsində Azərbaycanın əldə etdiyi uğurlardan böyük sevinclə danışır. Müsahibəni təqdim edirik.

-Burzu müəllim, müsahibəmizi elə Qarabağımızın dirçəlişi ilə başlamaq istərdim. Bir qarabağlı kimi, Şuşa da daxil olmaqla işğaldan azad edilən digər ərazilərimizə vətəndaşlarımızın qayıdışının sevincini oxucularımızla bölüşərdiniz...
2020-ci il bütün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. İki əsrdən çox davam edən erməni işğalına, nəhayət ki, Ordumuzun parlaq Zəfəri ilə son qoyuldu. 44 günlük Vətən müharibəsi əslində bir Zəfər yürüşü idi. Azərbaycan bu müharibəyə illərdir hazır idi. Amma ən yüksək tribunadan səsləndiyi kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllini gözləyirdi. Təəssüflər olsun ki, nə beynəlxalq təşkilatlar, nə də terrorçu Ermənistan hakimiyyəti torpaqlarımızı sülh yolu ilə qaytarmadı. BMT-nin yerinə yetirməli olduğu qətnamələrin icrasını Azərbaycan dövləti öz üzərinə götürdü. Yaxşı yadımdadır, həmin günlər Azərbaycan Ordusunun ard-arda zəfərləri bütün dünyada olduğu kimi Ukrayna mediasında da ardıcıl işıqlandırılırdı. Yerli media mənsubları, eləcə də ictimaiyyət nümayəndələri məndən də bu qələbənin sirrini xəbər alırdılar. Ukrayna xalqına maraqlı idi: Azərbaycanın nə boyda ordusu var ki, bir gün belə geri çəkilmədən qələbələri sıralayır? Cavabı, əlbəttə, çox sadə idi. Qarabağ savaşında bütün xalq döyüşürdü. Özü də təkcə Azərbaycandakı 10 milyonluq xalq yox! Bütün dünya azərbaycanlıları! Dünya Azərbaycanlılarının Qurultayında mən də iştirak etmişdim. Bakıdakı təntənəli tədbirdə Prezidentimiz İlham Əliyevin vətənpərvərlik çağırışı indi də yadımdadır. O da yadımdadır ki, bütün dünya azərbaycanlıları öz liderlərinin arxasında dayandıqlarını fəxarət hissi ilə dilə gətirdilər. Haqq savaşımız elə haqqın qələbəsi ilə də başa çatdı. Müharibə qurtaran gündən Azərbaycan dövləti quruculuq işlərinə başladı. Ukrayna televiziyaları Qarabağın xarabalıqlarını nümayiş etdirəndə tamaşaçılar sadəcə dəhşətə gəlmişdilər. Təkcə Ağdam şəhərinin xarabazarı hansı terrorçu ölkə ilə döyüşdüyümüzdən xəbər verirdi. Müharibədən sonra oğlumu da götürüb Ağdama, doğma Abdal-Gülablıya səfər etdim. Doğulub, boya-başa çatdığım yurd yerindən indi yalnız quru torpaq və kolluq qalmışdı. Ağacları dibindən qopartmış, evlərimizin bünövrəsini belə qazıb aparmışdılar. Çaylaqlar, kəhrizlər, bulaqlar da erməni barbarlığının qurbanı olmuşdu. Qısa vaxtda bu yerlərdə nəsə qurub-yaratmaq ağlabatan görünmürdü. Amma Azərbaycan mümkünsüzləri reallaşdırmağı sevir. Qısamüddətli müharibəni uğurla başa çatdıran Azərbaycan dövləti bərpanı da ildırım sürəti ilə aparmaqdadır. Zəngilandakı modern kəndin inşası buna ən gözəl nümunədir. Füzulidə tikilən aeroport və yeni binalar, Şuşadakı yenidənqurma işləri, Ağdamda yüz minlik şəhərin inşası, Cəbrayıl şəhərinin yeni layihə üzrə tikintisi, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə gedən sürətli abadlıq işləri. Laçın az qala yenidən qurulub. Uzun illər separatçıların öz “paytaxtlarına” çevirdiyi Xankəndimiz indi təkcə tikilmir, həm də oradakı terror mərkəzləri sökülüb tarixdən biryolluq silinir. Xocalıya sakinlərin qayıdışı xəbərini isə ancaq qürur hissi ilə qarşılamaq olar. Əlbəttə, Qarabağın yenidən inşasında dünya azərbaycanlılarının da qatqısı olmalıdır. Biz xaricdə yaşayan azərbaycanlılar təkcə “YAŞAT” Fonduna ianə ilə kifayətlənməli deyilik. Qarabağımızın yenidən inşası üçün hər kəs əlindən gələn yardımı etməlidir. Şəxsən mən doğma torpaqlarımızın bərpasında canla-başla çalışmağa hazıram, belə bir çağırış olarsa, məmnuniyyətlə qəbul edərəm.
-Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə hazırlaşır. Ölkəmizdə noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu konfransın əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
-Azərbaycanla bağlı bütün xəbərləri həssaslıqla izləyirik. Ölkəmizin ilbəil artan nüfuzu dünya azərbaycanlılarını qürurlandırır. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilməsi ölkəmizin daha bir mötəbər tədbirə ev sahibliyi etməsini rəsmiləşdirdi. COP – tərəflər konfransı deməkdir. Sevindirici haldır ki, Azərbaycan indi bütün dünyada bərabərhüquqlu tərəf kimi çıxış edir. Xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycanla dünyanın hər yerində hesablaşırlar. Təsadüfi deyil ki, indiyə qədər rəhbərlik etdiyi bütün tədbirləri layiqincə keçirən Azərbaycanın COP29-a sədrliyinə namizədliyi iştirakçı ölkələrin yekdil rəyi əsasında verilib. Azərbaycanın COP29-la bağlı sədrliyə təsadüfi seçilməyib. Çünki Azərbaycan sözügedən məsələ ilə bağlı bir sıra layihələr həyata keçirib və bundan sonra da alternativ enerjiyə keçid üçün fəaliyyətini davam etdirəcək. Azərbaycan bu gün ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün yaşıl enerjiyə diqqətin artırılmasına öz töhfə və dəstəyini verməkdədir. COP29 əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən sayılır. Azərbaycana on minlərlə qonağın gələcəyi gözlənilir. COP29 həm də Prezident İlham Əliyevin dünyaya növbəti sülh mesajıdır.
-Azərbaycan dünyada, xüsusilə Avropa ölkələrində yaşıl enerjinin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Alternativ enerji mənbələrinin inkişaf etdirilməsi Azərbaycana hansı dividentləri gətirəcək?
-Bərpaolunan və yaşıl enerji potensialı Azərbaycanda kifayət qədərdir. Qarabağın işğaldan azad olunması ölkəmizdə bir sıra yeniliklərə stimul verib. 2021-ci ildə Ağdam ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev bəyan etmişdi ki, bütün Qarabağ yaşıl enerji zonası olacaq. Sosial-iqtisadi inkişafın 5 milli prioritetindən biri məhz təmiz ətraf mühit və yaşıl artımdır. Azərbaycanda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının və “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyulub. Azərbaycan çox böyük təbii ehtiyatlara sahibdir və alternativ enerji mənbələrinin inkişafı Odlar Yurduna böyük dividendlər gətirəcək.
-Azərbaycan Ukraynanın enerji infrastrukturunun bərpa edilməsi istiqamətində yardımlar edib. Bu yardımların Ukraynanın enerji təchizatı üçün nə kimi əhəmiyyəti var?
-Azərbaycan 30 ildən artıq işğala məruz qalmış ölkədir. Sevindirici haldır ki, vətəndaşı olduğum Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ona həmişə dost münasibətində olub. İkinci Qarabağ müharibəsində də Ukrayna ali rəhbərliyi ən müxtəlif tribunalardan bizi müdafiə etdiyini səsləndirməkdən çəkinməyib. Eləcə də, Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyü məsələsində həmişə birmənalı münasibətdə olub. Ölkələrimizi uzun illərin dostluq telləri bağlayır ki, hələ sovet dönəmində belə, ikitərəfli əlaqə və etimad yüksək səviyyədə olmuşdu. Rusiya-Ukrayna müharibəsi başlayandan rəsmi Kiyevə humanitar yardım edən ölkələrdən biri də məhz Azərbaycandır. Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının bütün partiyası Ukraynaya çatıb. Bu yardımlar Ukraynanın kirtik bölgələrində enerji təchizatının normallaşmasına sərf edilib. Azərbaycanın bu yardımları Ukraynanın Prezidenti Volodimir Zelenski və digər rəsmilər tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıqla qarşılanıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Diaspor 2024-05-25 15:37:00