Şuşada Memarlar İttifaqının plenumu keçirilib - YENİLƏNİB VİDEO
Şuşa, 25 may, Aydın Yavərzadə, AZƏRTAC
Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı Xüsusi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin birinci günü Azərbaycan Memarlar İttifaqının nümayəndə heyəti üçün Şuşa şəhəri Dövlət Qoruğu tərəfindən Şuşa şəhərinin tarixi məhəllələrinə ekskursiya və bərpa edilmiş tarixi abidələrlə tanışlıq təşkil olunub.
Plenumun ikinci günü, mayın 25-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Memarlar İttifaqının İdarə heyəti üzvlərindən bir qrupu ilə görüşüb. O, görüşdə Azərbaycan Memarlar İttifaqının plenumunun ilk dəfə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildiyini qeyd edib və bu tədbirin Qarabağ bölgəsində memarlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə plenumun keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və onun Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimova Azərbaycan memarları adından minnətdarlığını bildirib.
Görüsdən sonra “Şuşa” Konqres Mərkəzində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin plenumu işə başlayıb.
Tədbirin əvvəlində, iştirakçılar və qonaqlar Azərbaycan Memarlar İttifaqı tərəfindən təşkil olunmuş “Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələr” adlı sərgi ilə tanış olublar. Sərgidə işğaldan azad olunmuş ərazilərdə bərpa edilmiş tarixi-memarlıq abidələri, onların bərpadan əvvəlki və sonrakı vəziyyətləri nümayiş olunub.
Plenumda Memarlar İttifaqının İdarə heyətinin üzvləri, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Yalçın Məmmədov və böyük məsləhətçi Nərgiz Qaracayeva, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev, Şuşa şəhəri Dövlət Qoruğunun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, habelə Arxeologiya və Antropologiya institutlarının əməkdaşları iştirak ediblər.
Tədbiri açan Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Şuşada belə tədbirin təşkili qürurverici haldır. Uzun illər həsrətində olduğumuz Şuşamızda həyatın dirçəlməsini, bərpa və yenidənqurma işlərinin miqyasını və səviyyəsini görərkən fərəh hissi keçirməmək mümkün deyil. O, plenumda Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri kimi çox aktual mövzuya həsr olunmuş məruzələrin, mövzu ətrafında maraqlı çıxışların dinləniləcəyini qeyd edib.
Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Memarlar İttifaqı İdarə heyətinin plenumunun iştirakçılarını və qonaqları salamlayaraq, plenumun işində onlara müvəffəqiyyətlər arzulayıb.
Sonra gündəlik üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi, Əməkdar memar, professor Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlığı” mövzusunda məruzə ilə çıxış edib.
Ardınca Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Memarlar İttifaqının İdarə heyətinin üzvü, Əməkdar memar, professor Səbinə Hacıyevanın “İşğaldan azad edilmiş ərazilərdə memarlıq abidələrinin vəziyyəti. Problemlər və onların həlli yolları” adlı məruzəsi dinlənilib. Məruzə slaydlarla müşayiət olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Memarlar İttifaqının katibi, Əməkdar memar, Memarlıq üzrə fəlsəfə doktoru İlqar İsbatov “Qarabağda və Şərqi Zəngəzurda şəhərsalma siyasətinin nəticələri və inkişaf istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar” mövzusunda məruzə edib.
Gündəlik üzrə növbəti məruzə “Qarabağ və Şərqi Zəngəzur regionlarındakı tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” mövzusuna həsr olunub. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Fəxri üzvü Faiq İsmayılovun çıxışı maraqlı faktları əhatə edən slaydlarla müşayiət olunub.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpası problemləri” şöbəsinin müdiri, Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva “Erməni vandallarının Qarabağda olan xristian abidələrini özününküləşdirməsi” mövzusunda çıxış edib, mövzu üzrə müvafiq şəkillər nümayiş olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçi Nərgiz Qaracayeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işğal zamanı dağıdılan tarixi abidələr haqda məlumat verib.
Çıxışlar ətrafında müzakirələr aparılıb, bir çox maraqlı fikirlər söylənilib, işğaldan Azad edilmiş ərazilərdə Böyük Zəfərimizdən sonrakı 3 il ərzində şəhər və qəsəbələrimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilib.
Sonda plenumun qətnaməsinin layihəsi oxunub, səsə qoyulub və qəbul edilib. Plenumun qətnaməsinin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına göndərilməsi tövsiyə olunub.
11:33
Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, plenumda “Qarabağın və Şərqi Zəngəzurun memarlığı”, “İşğaldan azad edilmiş ərazilərdə memarlıq abidələrinin vəziyyəti, problemlər və onların həlli yolları”, “Qarabağda və Şərqi Zəngəzurda şəhərsalma siyasətinin nəticələri və inkişaf istiqamətləri” və digər mövzular müzakirə olunur.
Naxçıvanda küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib
Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir
Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib
Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq