×
A
A
A
Sazlamalar

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Qax, 24 may, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunda yaş barama istehsalının 12 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 210-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 300 qutu, yəni 5,7 kiloqram ipəkqurdu paylanılıb.
Hazırda ailə təsərrüfatlarında, eyni zamanda, Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdunun yemlənməsi prosesi davam edir. AZƏRTAC-ın bölgə müxbiri stansiyada olub, ipəkqurdunun yemlənməsi prosesi ilə maraqlanıb.
Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, müəssisədə tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının - elit və superelit toxumun hazırlanması üçün damazlıq barama yetişdirilir. Hazırda ayrı-ayrı otaqlarda iki cinsdən olan ipəkqurdunun yemlənməsi həyata keçirilir. İpəkqurdları beşinci yaş dövründədir. Bu cinslərdən alınacaq baramadan çıxan kəpənəklər daha sonra stansiyada cütləşdirilərək hibrid toxum hazırlanacaq. İpəkqurdu toxumu növbəti mövsümdə inkubasiya olunaraq respublikanın baramaçılıq rayonlarının kümçülərinə əvəzsiz olaraq paylanılacaq.


Direktorun sözlərinə görə, son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağması, temperaturun xeyli aşağı düşməsi ipəkqurdunun barama sarıma dövrünün bir neçə gün uzanması ilə yanaşı, bəzi xəstəliklərin (sarılıq, filaşeriya) yaranmasına da səbəb ola bilər. “Yaxşı haldır ki, yerlərdən aldığımız məlumata görə, indiyədək baramaçılıq rayonlarında ipəkqurdlarında heç bir xəstəlik aşkar edilməyib və yemləmə prosesi normal şəkildə davam edir”,- deyə Əkrəm Fətəliyev vurğulayıb.
Dağlıq ərazilərdə yerləşən rayonlarda barama tədarükünə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.

Regionlar 2024-05-24 16:19:00