Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
Naxçıvan, 24 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Naxçıvan Atletika Federasiyasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş 5500 metr məsafəyə kros qaçışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan kütləvi idman tədbirində müxtəlif yaş kateqoriyalarına mənsub 700-dən çox insan iştirak edib.
Yarışın açılış mərasimində müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda xidmətləri olan görkəmli şəxsiyyətlərin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Yarışın məqsədi və əhəmiyyəti, eləcə də hərəkət marşrutu haqqında məlumat verildikdən sonra mübarizəyə start verilib. İştirakçılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasının önündəki start xəttindən başlayaraq Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələri ilə hərəkət edərək finişə – Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək olan məsafəni qət ediblər.
“Atletlər” kateqoriyasında Əmrah Nağıyev və Nilufər Quliyeva, “Həvəskarlar” kateqoriyasında isə Mahir İbrahimovla Nurgül Seyidli birinci olublar. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həvəsləndirici yer sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif olunublar.
Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Xanlar Mustafayev, şəhid anaları və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov təqdim ediblər.
Qeyd edək ki, kros qaçışının təşkilində məqsəd insanların sağlam həyat tərzinə yönəldilməsinə, ekosistemin qorunmasına və idmanın əhali arasında təbliğinə töhfə verməkdir.
Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib
Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib
Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib