×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 1500 hektaradək sahədə dən üçün qarğıdalı əkilib

Qax, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qax rayonunun təsərrüfatlarında 1600 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulub. Hazırda təsərrüfatlarda qarğıdalı əkini yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1500 hektaradək sahədə qarğıdalı əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Bildirilib ki, fermerlər əkin zamanı xaricdə istehsal olunan “Dekalp”, “Pioner” və digər yüksək məhsuldar toxum sortlarına üstünlük veriblər. Hazırda qarğıdalı sahələrində cərgələrarası becərmə işlərinə başlanılıb.
Ötən il Qax rayonunun torpaq mülkiyyətçiləri dən üçün qarğıdalı əkilmiş 1644 hektar sahədən 16 min 409 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 99,8 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2800 tondan çox artıb.
Qurumun rəsmisinin sözlərinə görə, hazırda rayonun təsərrüfatlarında tütün əkini də davam edir. Builki mövsümdə rayonda 455 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Fermerlər indiyədək 395,8 hektar sahəyə tütün şitilləri köçürüblər.

Regionlar 2024-05-23 16:16:00