×
A
A
A
Sazlamalar

Almaniyada deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb

Bakı, 23 may, AZƏRTAC

Almaniya federal hökuməti bu ilin ilk üç ayında 4700-dən çox deportasiya qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 34 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, mart ayının sonuna qədər Almaniyadan ümumilikdə, yaşayış statusu olmayan 4791 nəfər deportasiya edilib. Bu barədə “Neue Osnabrücker Zeitung” (NOZ) gündəlik qəzeti federal hökumətin məlumatlarına istinadla yazıb.
Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü il ərzində Almaniyadan 16 430 nəfər deportasiya olunub.
Hökumətin hesabatında qeyd olunur ki, 2024-cü ilin yanvar-mart aylarında vətəndaşları geri qaytarılan ölkələr arasında birinci yeri 483 nəfərin deportasiya olunduğu Şimali Makedoniya tutub. Sonrakı yerləri Gürcüstan (416 nəfər), Əfqanıstan (345 nəfər), Serbiya vətəndaşları (312 nəfər) tutur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi hallarda planlaşdırılan deportasiyaları həyata keçirmək, bu ilin birinci rübündə 7048 nəfəri deportasiya etmək mümkün olmayıb. Nəşrin yazdığına görə, ya miqrantların bir çoxunu tapmaqla bağlı problemlər yaranıb, ya da aviareyslər ləğv edilib.

Dünya 2024-05-23 13:13:00