×
A
A
A
Sazlamalar

Şimal-qərb bölgəsinin məktəbliləri arasında “Zəfər” müsabiqəsinin zona mərhələsi keçirilib

Şəki, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri arasında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin zona mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib. Şəki şəhəri Rasim Ocaqov adına Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil edilən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Festivalın açılışında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, təhsil müəssisələrinin nümayəndələri çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların vətənpərvərlik, mədəniyyətə, incəsənətə və milli adət-ənənələrə hörmət ruhunda tərbiyə edilməsidir. Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Zəfər yürüşü və Qələbəsi haqqında uşaq və gənclərin maarifləndirilməsi festivalın əsas məqsədləri arasındadır.
Qeyd olunub ki, festival, həmçinin uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılmasını, onların asudə vaxtlarının səmərəli keçirilməsini, bədii-estetik zövqlərinin tərbiyə edilməsini, yeni istedadların üzə çıxarılmasını və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini dəstəkləyir.
Festival-müsabiqənin qaliblərinin mükafatlandırılması və yekun tədbiri bu ilin oktyabrında Bakıda keçiriləcək.

Regionlar 2024-05-23 10:26:00