×
A
A
A
Sazlamalar

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

Bakı, 21 may, AZƏRTAC

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fondunun və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı ilə filologiya elmləri doktoru dosent Elçin İbrahimovun “Turki xalqlarning umumiy alifbosi, imlosi va mulaqat tili” (Türk xalqlarının ümumi əlifbası, imlası və əlaqə dili) adlı əsərinin özbək dilində nəşrinin təqdimatı olub.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fondunun direktoru filologiya elmləri doktoru Əzizcan Eminov Özbəkistanın dil siyasətindən söz açıb. Ə.Eminov Özbəkistanda ana dilinin əhəmiyyətli dərəcədə önəm qazandığını vurğulayaraq son zamanlar digər qardaş türk dillərinə də böyük marağın olduğunu deyib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan və Özbəkistan arasında bütün sahələri əhatə edən əlaqələrdən söz açaraq bu münasibətin bütün Türk dünyası üçün gözəl bir nümunə olduğunu vurğulayıb. O, Elçin İbrahimovun ərsəyə gətirdiyi bu əsərin türkdilli dövlətlərdə ana dilinin istifadəsi və inkişafı sahəsində çox vacib bir əsər olduğunu qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxışında Türk dünyasının ən böyük probleminin inteqrasiya dilinin olmaması kimi izah edib. K.Məmmədzadə türk dillərinin populyarlaşdırılması, təbliği və tədrisinin vacib olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Mərkəzinin bu sahədə gerçəkləşdirdiyi layihələrdən danışıb.
Sonda çıxış edən müəllif Elçin İbrahimov əsərin ərsəyə gəlmə zərurəti və tarixçəsindən bəhs edərək kitabın Özbəkistanda nəşrinin ana dilinin istifadəsi sahəsi üzrə mövcud problemlərin aradan qaldırılması istiqamətində gərəkli mənbə olacağına əminliyini ifadə edib.

Mədəniyyət 2024-05-21 11:58:00