İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
Bakı, 21 may, AZƏRTAC
Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın təqdimatından əvvəl İttifaqın məsul katibi Aida Qafarova İlyas Əfəndiyev milli teatrımıza çox sayda mükəmməl sənət inciləri bəxş etdiyini bildirib: “Onun yaradıcılığı bütün zamanlarda maraqla qarşılanıb, sevilib və bu gün də sevilməkdədir”.
Xalq artisti Mərahim Fərzəlibəyova İlyas Əfəndiyevin yaradıcılıq yolundan, onun səhnəmizə bəxş etdiyi mükəmməl əsərlərdən söhbət açıb.
Çıxışdan sonra Şuşa Teatrının təqdimatında “Boy çiçəyi” tamaşası nümayiş olunub.
Üç müxtəlif insan taleyi, üç nakam məhəbbət hekayəsi... Bir tərəfdə Həsənzadənin sevincini və dərdini xəyalən bölüşdüyü, xatirəsini həmişə əziz tutduğu, erkən itirdiyi həyat yoldaşına qarşı olan nakam məhəbbəti, digər tərəfdə Nəzakətin müharibədə itirdiyi ərinə qarşı olan, lakin ikinci əri Fərəcin qorxusundan dilə gətirə bilmədiyi nakam məhəbbəti...Və nəhayət Nargilənin Həsənzadəyə qarşı olan sonsuz və nakam məhəbbəti...
Lirik–psixoloji üslubda yazılmış pyesin yeni, müasir səhnə yozumu ilə tanış olmaq hər bir tamaşaçı üçün maraqlı olub.
Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 il vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.
Böyük maraq və alqışlarla qarşılanan tamaşadan sonra rejissor, Əməkdar artist Loğman Kərimov uğurlu quruluşa görə, iştirakçılar– Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.
Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.
Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi
Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb