×
A
A
A
Sazlamalar

Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir

Ankara, 21 may, AZƏRTAC

Güclü və inkişaf etmiş müdafiə sənayesi kompleksi Türkiyənin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm amillərdən biridir və ölkənin beynəlxalq arenada strateji çəkisini artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada “ASELSAN” şirkətinin istehsalı olan radar erkən xəbərdarlıq sisteminin Türkiyə Silahlı Qüvvələrinə (SQ) təhvil verilməsi mərasimində bildirib.
“Çoxsaylı uğurlu layihələr sayəsində yerli şirkətlər Türkiyənin müdafiə məhsullarının idxalından asılılığını minimuma endirməklə yanaşı, böyük ixrac tədarükü də yarada biliblər. Müdafiə məhsullarının istehsalı ölkə üçün həyati vacib məsələdir", - deyə Y.Gülər bildirib.
Nazir Türkiyənin beşinci nəsil “Kaan” hərbi təyyarəsinin və “ANKA 3” zərbə PUA-larının (pilotsuz uçuş aparatlarının) ilk uçuşlarına diqqəti yönəldib. “Biz həmçinin “Hürküş”, “Hürjet” təyyarələri, “Gökbey” helikopteri, “Altay” tankı, torpedolar və müxtəlif modifikasiyalı raketlərin layihələri ilə fəxr edirik. Bu, görülən işlərin yalnız kiçik bir hissəsidir”, - nazir qeyd edib.
Müdafiə naziri müasir dövrün risk və çağırışlarını xatırladıb, milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasında güclü ordunun rolunu vurğulayıb.
Onun sözlərinə görə, asimmetrik təhdidlər fonunda ölkələr daim texnoloji imkanlarını inkişaf etdirməli, müdafiə doktrinalarını dəyişməlidirlər.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-05-21 06:08:00