Tacikistan Rəssamlar İttifaqının sədri: İncəsənət xadimləri xalqlarımızın dostluğuna töhfə verməyə çalışırlar
Bakı, 20 may, AZƏRTAC
“Azərbaycan Respublikasında Tacikistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində Tacikistanın təsviri və dekorativ-tətbiqi sənət sərgisinin təntənəli açılış mərasimində hər kəsi salamlamağa şadam. İstənilən mədəni tədbir, əlbəttə ki, bayramdır. Könüllərin bayramı, köhnə tanışlarla, dostlarla yenidən görüş, yeni tanışlıqlar bayramıdır. İncəsənətin sərhədləri yoxdur. İncəsənət xalqları birləşdirir. Bu gün biz incəsənət nümayəndələri Tacikistan və Azərbaycan xalqlarının birləşməsinə, dostluğunun möhkəmlənməsinə öz töhfəmizi verməyə çalışırıq”.
AZƏRTAC xəbər verir ki, bunu Tacikistan Mədəniyyət Günləri çərçivəsində Azərbaycanda keçirilən sərginin açılışında Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova bildirib.
“Bu gün Tacikistanın müxtəlif üslublarda, istiqamətlərdə və müxtəlif janrlarda çalışan görkəmli rəssamlarının 30-a yaxın əsərini təqdim edirik. Onların hər birinin öz mövzusu var. Onlar öz əsərlərində doğma yurdun gözəlliyini, qadın, ana obrazını tərənnüm edirlər. Rəsmlərdə tacik xalqının bayramları, ənənələri əks olunur. Bu ekspozisiyada təkcə müasir Tacikistan incəsənəti yox, həm də görkəmli tacik rəssamlarının sənət əsərləri, Tacikistan Rəssamlar İttifaqı üzvlərinin əl işləri təqdim olunur. Sərgidə həm də Tacikistan Sənətkarlar İttifaqı üzvlərinin dekorativ və tətbiqi sənət əsərləri, həmçinin “Noor Art” qalereyasının kolleksiyasından əsərlər nümayiş olunur. Bununla yanaşı, sərgidə məşhur tacik dizayneri Xurşed Sattorovun kolleksiyasına məxsus parlaq və orijinal modelləri görə bilərsiniz”, - deyə Nərgiz Həmidova əlavə edib.
N.Həmidova təşkilati işlərin gözəl səviyyədə görülməsini yüksək qiymətləndirərək mehriban və səmimi qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: “Fürsətdən istifadə edərək, əlbəttə ki, bizim ekspozisiyamız üçün Heydər Əliyev Mərkəzi kimi gözəl binanın, müasir, gözəl sərgi salonunun təqdim olunmasına görə təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu gün Tacikistanımızın bütün gözəlliyini, bu dəyərli sərvətini göstərə bildiyimiz üçün, həm də göstərilən köməyə, səmimi qəbula və azərbaycanlı dostlarımızın qonaqpərvərliyinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə sülh, əmin-amanlıq və gözəl günlər arzulayıram”, - o əlavə edib.
Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub
Şəhidə həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirilib
“DokuBaku” festivalı “DokuTur” proqramını elan edib
Rus Dram Teatrı “Hamlet” tamaşasının premyerasına hazırlaşır