Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb
Bakı, 20 may, AZƏRTAC
Zəngin irsə malik Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərinin qorunması, yüksəlməsi istiqamətində əhəmiyyətli tədbirlər – beynəlxalq və respublika səviyyəli konfrans, müsabiqə, konsert və festivallar keçirilir. Həmin layihələr arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və İxtisas musiqi məktəb-studiyasının 2024-cü ilin aprel-may aylarında reallaşdırdığı Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi olub. Tədbir Elm və Təhsil, Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilib. Ayrı-ayrı illərdə keçirilmiş elmi-ifaçılıq müsabiqələrinin ideya müəllifi Azərbaycan musiqi elminə innovativ xarakterli töhfələr bəxş etmiş, BMA-nın İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və 40 ildən artıq rəhbəri olmuş Əməkdar incəsənət xadimi, professor mərhum Tərlan Seyidovdur.
Bu barədə AZƏRTAC-a BMA-nın böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva bildirib. Onun sözlərinə görə, müsabiqənin ərsəyə gəlməsində BMA-nın rektoru professor Fərhad Bədəlbəyli, Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, İxtisas musiqi məktəb-studiyasının direktoru Sevda Məmmədova və İxtisas musiqi məktəb-studiyasının baş metodisti Natəvan Fərzəliyevanın böyük əməyi olub. Üç nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Vokal” üzrə keçirilən elmi-ifaçılıq müsabiqəsində üç yaş qrupuna aid şagird və tələbələr iştirak ediblər. İlk turun iştirakçılarından 67 nəfər yüksəkixtisaslı müəllimlər tərəfindən məqbul qiymətləndirilərək müsabiqənin ikinci turuna vəsiqə qazanıb. Bu mərhələnin qalibləri müxtəlif mükafatlara – “Laureat”, “Diplomat”, “Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə”, “İfa etdiyi əsərlərin ən yaxşı məruzəçisi” adları ilə təltif olunublar. Ümumilikdə müsabiqənin üç yaş qrupu və üç nominasiyası üzrə 17 laureatı, 6 diplomatı olub. Gənc musiqiçilərdən 6 iştirakçıya – “Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə”, 1 tələbəyə isə “İfa etdiyi əsərlərin ən yaxşı məruzəçisi” diplomları təqdim olunub.
“Beləliklə, Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi uğurla sona çatdı. Münsiflər heyətinin dürüst və saf mövqeyi sayəsində neçə-neçə istedadlı gənc aşkara çıxarıldı və tanındı. Böyük yaradıcılıq yolu keçmiş, Azərbaycan musiqisinin tərəqqisi istiqamətində çalışan sənətkarlarımızın tövsiyələri müsabiqənin bütün iştirakçıları, eyni zamanda, onları hazırlaşdıran gənc müəllimlər üçün növbəti uğurlarına bir tramplin oldu”, - deyə Ş.Hacıyeva əlavə edib.
Azərbaycan Misirin Britaniya Universitetində Mədəniyyət günündə təmsil olunub
Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib
“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb