Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib
Bakı, 20 may, AZƏRTAC
“Aztelekom” MMC Şəki rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şəki şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 22 min 92 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Oxud, Yeni Oxud, Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski, Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid, Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət təzə kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik Dəhnə, Turan, Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl kəndlərində 25 min 261 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib.
Ümumilikdə, rayon ərazisində 15 min 463 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un 170 - Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatı və biznes subyektlərinin sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud təsərrüfatların 78 faizini təşkil edir.
Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb
Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq
NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb