“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var
Bakı, 20 may, AZƏRTAC
“Bu çempionluq bizim üçün tarixə ən yaddaqalan hadisə kimi düşəcək”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasında 2023-2024-cü illər mövsümünün qalibi olan “Neftçi” klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.
36 yaşlı mütəxəssis əzmkar mübarizəyə görə komandasına təşəkkür edib: “Qızlarımız istər məşq prosesində, istər oyunlarda öz məqsədlərinə çatmaq üçün hər şeyi etdilər. Bəlkə də çoxları düşünər ki, bu, “Neftçi” üçün rahat qələbə oldu. Amma mən belə deməzdim. Çünki çempionluq uğrunda mübarizə aparan bəzi komandalar var idi ki, onlarla matçlar olduqca rəqabətli və ağır keçdi. Şükürlər olsun ki, arzumuza çata bildik”.
O, Çempionlar Liqasında uğurlu çıxış etmək istədiklərini bildirib: “Missiyamızın birinci tərəfini yerinə yetirdik. Bilirdik ki, bu qələbə bizə Çempionlar Liqasında iştirak hüququ verəcək. Hazırda önümüzdə çox ağır missiya dayanır. Avropanın ən nüfuzlu klub turnirində ölkəmizi təmsil etmək çox məsuliyyətli işdir. İstəyirik ki, bunun öhdəsindən layiqincə gələk. Reqlamentə əsasən, ilk olaraq dörd komandadan ibarət qrup oyunları keçiriləcək. Daha sonra qrup birinciləri digər mərhələyə adlayacaqlar. Düzünü desəm, əsas hədəfimiz qrupdan çıxmaqdır. Buna nail ola bilsək, pley-offa hazırlaşacağıq. Püşkatmanı isə səbirsizliklə gözləyirik. Burada şans bizim tərəfdə olarsa, sevincimizin həddi-hüdudu olmaz. Çünki bu, bizim üçün ilk olacaq. Turnirin səviyyəsi hamıya bəllidir. Nəticəmizdən asılı olmayaraq, bizim üçün böyük təcrübə olacaq”.
S. Əsgərov Azərbaycan çempionatının səviyyəsinin ildən-ilə artdığını da diqqətə çatdırıb: “Ümid edirəm ki, növbəti illərdə bundan da artığını görəcəyik. Komandamızı Çempionlar Liqasına tam hazırlamalıyıq. Yəqin ki, klubumuza yeni oyunçular qatılacaq. Bu, bizim üçün olduqca əhəmiyyətlidir”.
Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib
"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib