×
A
A
A
Sazlamalar

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

Türkiyənin Ankara şəhərindəki Başkent Universitetinin qurucusu, Türkiyədə ilk dəfə 1975-ci ildə orqan transplantasiyası əməliyyatı icra etmiş professor Mehmet Haberal, Başkent Universitetinin rektoru professor Hakan Özkardeş, Təhsil sektorunun müdiri Turhan Namazov, baş koordinator Feyaz Artukoğlu və digər qonaqlar Mərkəzi Gömrük Hospitalını ziyarət ediblər.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev nümayəndə heyətini səmimi qarşılayaraq hospitalın strukturu, fəaliyyəti, eləcə də son illər ərzində orqan transplantasiyası sahəsindəki uğurlar, respublikanın bir çox regionlarında o cümlədən Naxçıvan Muxtar Respublikasında təşkil edilən tibbi - sosial aksiyalar barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan baş həkim bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişafının və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin dövlətimiz üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. O, bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dövlət siyasətini dəstəkləyən Dövlət Gömrük Komitəsinin ayrılmaz hissəsi olan hospitalda davamlı şəkildə yenidənqurma işlərini apardığını, modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyaların istifadəsi ilə yeni tibbi xidmətlər tətbiq edildiyini və peşəkar kadrlar yetişdirdiyini diqqətə çatdırıb.
Professor Mehmet Haberal Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini, gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.
Özünün həyat və yaradıcılığından bəhs edən “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” kitabını türkiyəli professor avtoqrafla Bəxtiyar Musayevə hədiyyə edib.
Görüş qarşılıqlı əməkdaşlıq, müştərək tədbirlərin keçirilməsi və digər məsələlərin müzakirəsi ilə davam edib. Daha sonra professor Mehmet Haberal və nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya, Nefrologiya və Efferent Terapiya şöbələrinin imkanları ilə tanış olub, eləcə də qaraciyər, böyrək transplantasiyası olunmuş pasiyentlərlə, onların donorları ilə görüşərək tövsiyələrini veriblər.
Qeyd edək ki, məşhur Başkent Universiteti Türkiyə səhiyyəsində önəmli yer tutur və universitetin qardaş ölkənin İstanbul, Adana, Alanya, İzmir, Konya şəhərlərində təcrübə və araşdırma mərkəzləri fəaliyyət göstərir.

Cəmiyyət 2024-05-20 12:36:00