Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, komitə sədri İsmayıl Qəribli iclasın gündəliyinə bir məsələnin - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini deyib.
İsmayıl Qəribli bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Media haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq uyğunlaşdırma aparılması, seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə və Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının 2024-cü il 15 may tarixli məktubu ilə təqdim olunmuş təkliflər nəzərə alınmaqla, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib və komitə üzvlərinə paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə məlumat verib.
Gündəlikdə duran məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov çıxış edərək deyib ki, cari ildə Ali Məclisə seçkilərin keçirilməsi nəzərdə tutulur. Məhz bu əsasla seçkilərin keçirilməsinin demokratikliyinin və şəffaflığının təmin edilməsi, eyni zamanda seçki komissiyalarının fəaliyyətinin operativliyinin təmin olunması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda bəzi əlavə, düzəliş və dəyişikliklərin edilməsi təklif olunub. Bu düzəlişlərin bir qismi texniki xarakterli olsa da, məzmun və mahiyyət xarakterli düzəlişlər də var.
Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsmayıl Qəribli, sədr müavini Aidə Cəlilzadə, üzvləri Hacıfəxrəddin Səfərli və Qadir İbrahimov fikirlərini və suallarını səsləndiriblər.
Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov və Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib.
Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin müzakirəsinə tövsiyə edilib.
Bununla da iclas öz işini başa çatdırıb.
Şəki Beynəlxalq Teatr Festivalında özbək yazıçısının komediyası oynanılıb
Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq
Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir
İlham Rəhimli: Şəki teatrı öz üslubu, yaradıcılıq dəst-xəti olan bir kollektivdir