×
A
A
A
Sazlamalar

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Bakı, 18 may, AZƏRTAC

Həştərxan vilayətində “Mədəniyyət” milli layihəsi çərçivəsində uşaqlar və gənclər üçün IV Beynəlxalq Ədəbiyyat Festivalına start verilib. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan və Rusiyanın müxtəlif bölgələrindən olan uşaq yazıçıları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi uşaq yazıçısı, şairə, “İrs” Nağıllar evinin rəhbəri, professor Solmaz Amanova təmsil edir.
Festival Həştərxan Dövlət Opera və Balet Teatrının Teatr parkında keçirilir. Tədbir iştirakçıları üçün poetik marafonlar, ədəbi tapşırıqlar, interaktiv proqramlar, tematik ustad dərsləri, idman tədbirləri təşkil ediləcək, həmçinin regional ədəbi müsabiqələrə və festival iştirakçıları ilə görüşlərə yekun vurulacaq. Tədbirlər silsiləsi bölgənin model kitabxanalarında keçiriləcək.
Açıq səma altında keçirilən festivalda gənclər üçün “Nəşriyyat xiyabanı” ədəbiyyatı və uşaq ədəbiyyatı sərgi-yarmarkası təşkil olunub ki, burada aparıcı nəşriyyatlar öz çap məhsullarını təqdim edir.
Heydər Əliyev adına 11 nömrəli məktəbdə keçirilən tədbir çərçivəsində uşaq yazıçısı Solmaz Amanovanın 5 və 6-cı sinif şagirdləri ilə görüşü keçirilib. Görüşün sonunda şairə kitablarını məktəbə hədiyyə edib.
Festival mayın 19-dək davam edəcək.

Mədəniyyət 2024-05-18 15:53:00