×
A
A
A
Sazlamalar

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Bakı, 18 may, AZƏRTAC

Zəif hakimiyyətin mövcudluğu ölkəyə xarici təsirlər üçün münbit şərait yaradır. Cari il aprelin ikinci yarısında Ermənistanda başlayan kütləvi etiraz aksiyaları getdikcə daha da kəskinləşərək baş nazir Nikol Paşinyanın istefası ilə nəticələnəcəyi təəssüratını yaradır. Aprel ayında Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinin başlanması, danışıqlar masasında sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda bu ölkədə baş verən hadisələr ictimaiyyətin diqqət mərkəzindədir. Ermənistandakı kütləvi çıxışların əsas səbəbi kimi hakimiyyətin Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlaması və dörd kəndin təhvil verilməsi göstərilir. Lakin hadisələrə qlobal kontekstdən yanaşdıqda, kütləvi aksiyaların kökündə qərbyönümlü Paşinyan hakimiyyətini devirmək məqsədinin olduğu görünür. Etirazların başında duran arxiyepiskop Baqrat Qalstyanın “Qarabağ klanı” ilə sıx əlaqələri onu deməyə əsas verir ki, Nikol Paşinyanı devirmək mümkün olarsa, hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov söyləyib.
Politoloq Ermənistandakı etirazlarla bağlı cəmiyyəti və ekspertləri düşündürən növbəti sualın bu etirazların haradan idarə olunmasıyla bağlı olduğunu vurğulayaraq əlavə edib: “Məlumdur ki, hazırda Qafqaz “super güclər”in yarış meydanına çevrilib və burada baş verən hadisələr bölgənin kimlərin təsir dairəsinə düşəcəyini müəyyənləşdirir. Bu səbəbdən Ermənistandakı hadisələrin həm Qərb, həm də Rusiya tərəfindən təşkil edilməsi versiyaları üzərində qurulan müxtəlif təhlillərə rast gəlmək mümkündür. Bizim müşahidələrimizə görə, Ermənistandakı qeyri-sabitlik və Paşinyan hakimiyyətinin süqutu bu gün daha çox Rusiyaya sərf edir. 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyan açıq şəkildə qərbyönümlü siyasi xətt seçməklə illər ərzində Rusiyanın Ermənistana təsirinin neytrallaşdırılmasına çalışıb və bu sahədə bir çox nailiyyətlər də əldə edə bilib. Məhz bu siyasətin nəticəsində Rusiyanın Cənubi Qafqazda mövcudluğu təhlükə ilə üzləşib. Göründüyü kimi, Qərbə qərbyönümlü siyasət yürüdən Paşinyanı əvəzləmək sərf etmir”.
Ermənistandakı vəziyyəti təhlil edərkən Vəli Əlibəyov Gürcüstandakı etiraz aksiyalarına da nəzər salıb: “Ermənistandan fərqli olaraq, Gürcüstanda uzun müddətdir ki, Rusiyayönümlü hakimiyyət formalaşdırılıb və etirazçılar da məhz buna qarşı çıxış edirlər. Ermənistandakı hadisələrdən fərqli olaraq, Gürcüstan hadisələrinin Qərbdən idarə olunduğu açıq-aydın görünməkdədir. Etirazlarda xarici ölkə səfirlərinin də iştirakı bu şübhələrin real olduğunun göstəricisidir. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın may ayının 15-də keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər də regionda baş verən hadisələrin haradan idarə olunduğunu dolayısı ilə işarə edir. Zaxarova ABŞ və Avropanı Gürcüstan hakimiyyətinin etirazçılarla kobud davrandığına görə kəskin tənqid etdiklərini, amma Ermənistandakı analoji hala susduqlarını dilə gətirərək ikili standartlardan söz açıb”.
Politoloq Ermənistandakı etiraz aksiyalarının mümkün nəticələri, bunun Azərbaycana və sülh prosesinə təsirini də şərh edib: “Hazırda Paşinyan hakimiyyəti etirazçı qüvvələrlə müqayisədə daha möhkəmdir və onu devirmək üçün etiraz aksiyalarının kifayət etməyəcəyi görünür. Bunu etirazçılar və onların havadarları da gözəl anlayırlar, bu isə o deməkdir ki, kritik məqamda Paşinyan hakimiyyətinin başqa yollarla devrilməsi ssenarisi işə düşə bilər. Paşinyan hakimiyyəti bu təzyiqlərə tab gətirərsə, Azərbaycanla münasibətlərin normallaşması prosesini davam etdirəcək. Belə olan halda sülh müqaviləsi bu ilin sonuna qədər imzalana bilər. Hazırkı məqamda Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın strateji maraqlarına cavab vermir.
Qafqazda “super güclər”in “ölüm-dirim” savaşının Azərbaycana təsirlərinə gəlincə isə, qeyd etməliyəm ki, Azərbaycan prosesin ilkin mərhələsində vəziyyətə nəzarəti öz əlinə almaqla kənar qüvvələrin ərazisindəki hərəkətlərini məhdudlaşdırmağa müvəffəq olub. Bu o deməkdir ki, “super güclər” Azərbaycanda da vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkməsələr də, əsas diqqətlərini “zəif bəndlər” olan Ermənistan və Gürcüstana yönəldiblər. Hazırda Rusiyaya da, Qərbə də müstəqil və proqnozlaşdırılan siyasət həyata keçirən Azərbaycanla əməkdaşlıq sərf edir. Amma bu o demək deyil ki, vəziyyət həmişə belə qala bilər. Azərbaycan regionun güclü dövlətidir və hər kəs onu öz təsir dairəsinə cəlb etməyə çalışacaq. Ancaq Azərbaycan öz ardıcıl, sülh yönümlü və balanslaşdırılmış siyasəti ilə kənar müdaxilələrin qarşısını hələ uzun müddət almaq iqtidarındadır”.

Siyasət 2024-05-18 15:24:00