Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır
Bakı, 18 may, AZƏRTAC
“Gələn ilin təqvimində xizək alpinizmi üzrə dörd Dünya Kuboku nəzərdə tutulub. Onlardan birinə Azərbaycan ev sahibliyi edəcək. Bu da ölkəmizdə qış idman növlərinə marağın artmasına və inkişafına səbəb olacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova xizək alpinizmi üzrə 2025-ci il Dünya Kubokuna ev sahibliyi hüququnun Azərbaycana verilməsi ilə bağlı danışarkən deyib.
O, yarışa hazırlıq məqsədilə Təşkilat Komitəsinin yaradılacağını bildirib: “Martda “Şahdağ” Turizm Mərkəzində keçirilən yarış göstərdi ki, Azərbaycan Dünya Kubokuna tam olaraq hazırdır. Beynəlxalq Xizək Federasiyasının tərkibində 49 ölkə yer alır. Bakıdakı yarışda bu ölkələrdən hansının mübarizə aparacağını noyabr və ya dekabr aylarında dəqiq biləcəyik. Çünki o zaman qeydiyyat prosesi aparılacaq”.
Federasiya rəsmisi yarışın beynəlxalq səviyyədə işıqlandırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Martın 9-10-da keçirilmiş “Şahdağ” beynəlxalq xizək alpinizmi yarışını yalnız yerli telekanallar canlı yayımlamışdı. Ancaq Dünya Kuboku yarışda iştirak edəcək bütün ölkələrin telekanallarında canlı yayımlanacaq. Çünki bu, olduqca nüfuzlu turnirdir”.
Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Dünya Kubokunun təşkili ilə bağlı qərar bu il martın 9-10-da Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.
Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq
“Napoli” İtaliya çempionu olub
Avroliqada ikinci finalçı bəlli olub
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib