×
A
A
A
Sazlamalar

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeydə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açılıb.
Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli” (1973), “Şəbi-hicran” (1976), Eldar Mikayılzadənin “Şəbi-hicran” (1983), “Leyli və Məcnun” (2013), Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli” (1975), rəssam Gülmurad Bəbirovun “Füzuli” (1987) xalçaları nümayiş etdirilib.
Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ panosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alır.
Həmçinin muzeyi ziyarət edən uşaqlar üçün əməkdaşların hazırladığı “Leyli və Məcnun” kölgə teatr tamaşasının premyerası nümayiş etdirilib.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmaları məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunub.

 

Mədəniyyət 2024-05-18 14:16:00