Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib və artıq 17 ildir ki, hər il qeyd olunur.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir. Qeyd olunanları və qarşıdan 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün gəldiyini nəzərə alaraq, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə həmin əlamətdar günlə bağlı cari ilin 18 may - 18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan edirəm.
Aylıq çərçivəsində keçirilən maarifləndirmə kampaniyalarında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlərdən, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən irəli gələn mövzulara üstünlük verilməsi tövsiyə olunur. Bununla əlaqədar dövlət orqanlarını, bələdiyyələri, elm, təhsil, mədəniyyət, sosial xidmət, tibb, penitensiar müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları, media subyektləri, həmkarlar ittifaqları və digər aidiyyəti qurumları təşəbbüsümüzə fəal şəkildə qoşularaq, insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti daha da artırmağa, bu məsələyə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil etməyə, bu barədə məlumatları #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə sosial şəbəkə hesablarında paylaşmağa çağırıram.
Eyni zamanda, şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər, miqrantlar da daxil olmaqla sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilməsi, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən reklam çarxlarının audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümü bildirirəm”, - deyə ombudsmanın müraciətində qeyd olunur.
Azərbaycanın Qırğızıstandakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub
Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub