×
A
A
A
Sazlamalar

Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın, Azərbaycan Uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları akademik Mirməmməd Cavadzadənin məzarını ziyarət edib və onun üzərinə gül dəstələri qoyub, akademikin xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Respublika Kliniki Uroloji Xəstəxananın direktoru Fariz Babayev akademik Mirməmməd Cavadzadənin tibb sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. F.Babayev akademiklə illər boyu birlikdə çalışdığını, onun dərin biliyi və təcrübəsi sayəsində tibbin inkişafında əhəmiyyətli addımlar atıldığını vurğulayıb. O, son illərdə xəstəxanadakı yeniliklərdən də bəhs edib: “Bu yeniliklər arasında yeni texnologiyaların tətbiqi, müasir müalicə üsullarının inkişafı və xəstələrin yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzindədir. Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə klinikada tibbi elmin ən son nailiyyətlərindən istifadə edilərək, bir çox kompleks əməliyyatlar və müalicə prosedurları uğurla aparılır. Bu yeniliklər tibb sahəsində böyük irəliləyişlərə yol açıb və xəstələrin sağlamlıq göstəricilərinin yaxşılaşmasına mühüm təsir göstərib”.
Sonra klinikada həkim-uroloq kimi fəaliyyət göstərən Samir Cavadzadə çıxışında akademik Mirməmməd Cavadzadənin həyat və tibb sahəsində göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.
Tibb elmlər doktoru, professor Sudeif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı akademik Mirməmməd Cavadzadə, eləcə də 1966-cı ildən indiyədək fəaliyyət göstərən klinika barədə fikirlərini bölüşüblər.
TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərli akademikin 97 illiyinin qeyd olunmasının Azərbaycan səhiyyəsi üçün önəmli olduğunu bildirib və bu sahədə fəaliyyət göstərən həkimlərə uğurlar arzulayıb.
Tədbirdə “Distal və proksimal hipospadiya cərrahiyyəsi”, “Sidik kisəsinin xərçəngönü xəstəlikləri”, “Testikulyar feminizasiya zamanı müalicə taktikası”, “HoLEP: XXI əsrdə prostatın xoşxassəli hiperplaziyasının cərrahi müalicəsi üçün qızıl standartmı?”, “Böyrək daşlarının müalicəsində qızıl standart: ECIRS (Endoskopik Kombinə edilmiş Böyrəkdaxili Cərrahiyyə)”, “Anomaliya zamanı nefrolitiazın endoskopik müalicəsi”, “Böyrək ləyəni daşı zamanı perkutan nefrolitotomiya və laparoskopik pielolitotomiya: ilkin nəticələrimiz”, “Böyrək daşlarının müalicəsində miniperkutan və retroqrad intrarenal nefrolitotripsiya üsullarının müqayisəsi”, “Kişi sonsuzluğunun müalicəsinin bu günü və sabahı”, “Prostat xərçənginin diaqnostikasına müasir yanaşma” və sair mövzularda məruzələr dinlənilib.
Konfrans müzakirələrlə davam etdirilib.

Cəmiyyət 2024-05-18 11:15:00