Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib
Şəki, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 17-də Şəki şəhərində Uşaq Səfirlər Məclisinin Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim proqramı təşkil edilib.
Təlim “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri AQUPDK-nin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova açaraq, uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin faydalı olduğunu vurğulayıb və uşaqlara uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlimin keçirilməsində əsas məqsəd uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda, uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir.
“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan qurumun dövlət uşaq siyasətini dəstəkləyən fəaliyyət istiqamətlərindən söz açıb və bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Uşaq Səfirlər Məclisinin koordinatorları - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova və İcraçı direktoru Nurlan Cəbrayılzadə Platformanın yaranma prosesi, məqsəd və vəzifələri barədə məlumat veriblər.
Sonra Uşaq Səfirlər Məclisinin üzvləri Mətləb Orucov və Məryəm Hüseynova uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açıblar. Bildirilib ki, günümüzdə istifadə olunan texnologiya ilə uşaqların inkişaf üsulları daha da sadələşdirilib. Əgər inkişafın əsasında cəmiyyətin mahiyyətini nəzərə alsaq, müasir texnologiyalar bunun üçün bir vasitədir. Uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalı, məhdudiyyətlər ilə sərhədlər yaratmamalıdırlar. Çünki uğurlu gələcək uşaqların inkişafından keçir.
Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva uşaqların inkişafı üçün faydalı olan metod və üsullardan, sosial fəaliyyətlərinin onların gələcək həyatlarında oynayacağı roldan danışıb. O, uşaqlıq dövründə qoyulan təməlin sonrakı inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayıb.
İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafının təmin olunma formalarına dair öyrəndikləri bilikləri “kahoot” tipli oyun vasitəsilə daha da möhkəmləndiriblər.
Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.
Mingəçevir teatrı tamaşaçılarına 4 yeni səhnə əsəri təqdim edəcək
Siyəzənin intensiv meyvə bağlarında daha çox badam və zeytun becərilir
Ötən il Naxçıvanda fəaliyyət göstərən 47 dönərxanada monitorinq aparılıb
Kəngərli rayonunda mina və top mərmisi aşkarlanıb
Balakəndə Zəfər Gününə həsr edilən minifutbol turnirinin qalibləri müəyyənləşib